Hicab bəhanəsi ilə güc nümayişi - ANALİZ

Hicab bəhanəsi ilə güc nümayişi - <font color=red>ANALİZ</font>
# 05 oktyabr 2012 14:33 (UTC +04:00)
Sualların yaranmasına səbəb aksiyanın təşkilatçılığı (gözlənilməzlik), keçirilməsi (polislə açıq qarşıdurma) və işıqlandırılması (islamçı medianın məsələyə yanaşması) metodlarıdır.

İslamçı qüvvələr Təhsil Nazirliyinin qarşısında bu cür aksiyaları həmişə keçiriblər, lakin bu gün keçirilən aksiya bir neçə özəlliyi ilə fərqlənib:
a) İştirakçılar aksiyanın təşkilini gizli saxlamağa müvəffəq olublar, ilk dəfə olaraq polis və media aksiyanın keçirilməsindən son anda xəbər tutub.
b) Aksiya keçirənlər əraziyə əvvəlcədən hazırlanmış dəyənəklərlə gəliblər.
c) İlk dəfə olaraq bu tip aksiyalara hicablı qadınlar cəlb olunmayıb.
d) Polisə qarşı aşkar zorakılıq tətbiq olunub və polisin döyülməsi məqamları islamçı saytlarda xüsusi olaraq işıqlandırılıb.

Bütün bunlar keçirilən aksiyanın əvvəlcədən polislə qarşıdurma yaratmaq və güc nümayişi məqsədilə planlaşdırdığını göstərir. İştirakçıların aksiyaya dəyənəklərlə gəlməsi, hicablı qadınları aksiyaya gətirməmək, polis əməkdaşlarına hücum etmək və məhz polisə qarşı zorakılıq anlarının islamçı saytlarda geniş işıqlandırılması başqa cür izah oluna bilməz. Taktiki məqsəd məlumdur, bunu aksiya iştirakçıları belə gizlətməyə səy göstərməyiblər. Görünən mənzərə onu deməyə imkan verir ki, bu aksiya əvvəlcədən məhz polislə qarşıdurma üçün nəzərdə tutulub.

Bəs niyə məhz indi? Həmişə olduğu kimi 15 sentyabr ərəfəsində deyil, indi? Adətən şagirdlərin məktəbə hicabla getməsinə icazə verilməsi tələbi ilə aksiyalar bir qayda olaraq Bilik Günü ərəfəsində keçirilib. Lakin son illərdə ilk dəfə olaraq 15 sentyabr ərəfəsində belə bir aksiya keçirilmədi və ümumiyyətlə “hicab məsələsi” çoxdandır Azərbaycanın gündəmində yoxdur. Son vaxtlar hicab məsələsinə xüsusi qadağa tətbiq olunması ilə bağlı dindarları silkələyəcək xəbər də diqqəti çəkməyib. Yeni dərs ilinin başlandığı zamanda da hicab qadağası ilə üzləşmələr olmadı.

Aksiya üçün Müəllimlər Gününün və ya cümə gününün seçilməsinin sadəcə yanlış ilkin ictimai rəy formalaşdırmaq məqsədi daşıdığı bəllidir.

Bir şey dəqiqidir, bugünkü aksiyanın təşkilatçılıq işləri (tələblər, simvollar, şüarlar) yenə də sifarişçinin İran olduğu barədə mülahizələrə yol açır. Aksiyanın guya “hicab problemi” ilə əlaqədar olduğunu iddia etmək də yanlışdır. Onsuz da həmişə İrana bağlı qüvvələrin aksiyalarının “leymotivini” hicab mövzusu təşkil edib və hicab məsələsindən həmişə süni gündəm yaratmağa çalışıblar. Lakin İran-Azərbaycan münasibətlərində soyuqluğun aradan qalxması ilə “hicab problemi” də aradan qalxmışdı. Bu, aksiyanı İranın “bir də başlayırıq” mesajı kimi qəbul eləməyin mümkün olub-olmadığı da tezliklə aydınlaşacaq.

Azərbaycanla münasibətlərin normallaşdığı bir dövrdə İran belə bir aksiyanın təşkilinə niyə ehtiyac duyub? Bir müddət əvvəl İran və Azərbaycan rəsmilərinin son dərəcə xoş qarşılıqlı mesajları (bəyanatlar, İranda həbs olunmuş azərbaycanlı şairlərin azadlığa buraxılması, İrana casusluqda ittiham olunan şəxslərin cəza müddətinin azaldılması və s.) iki ölkə arasında mövcud problemlərin aradan qalxdığı barədə təsəvvür yaradırdı. Bəs qısa müddətdə nə dəyişib? Münasibətlərə ciddi şəkildə təsir edə biləcək heç nə. Amma İran prezidentinin İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana gəlmək planı var. İran mətbuatı prezident Əhmədinejdın oktyabrın 15-də Bakıya səfər edəcəyini yazır. Səfər ərəfəsində Bakının mərkəzində belə bir aksiyanın təşkili iranpərəstlərin Azərbaycanda real güc (aksiyada polis əməkdaşlarını, yüksək rütbəli zabitin başını yarmağa qadir olacaq qədər güc) olduqlarını nümayiş etdirmək məqsədi daşıya bilər.

“Niyə məhz indi” sualına cavab versiyalarından biri Bakıda keçirilən yüksək səviyyəli tədbirin - II Bakı Beynəlxalq Humanitar Forumunun işinə kölgə salmaq ola bilər. Aksiya üçün məhz Təhsil Nazirliyinin qarşısının seçilməsi təsadüf sayıla bilməz. Qarşıdurmanın baş verdiyi ərazi forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir və aksiya iştirakçıları qarşıdurma ilə forum iştirakçılarının diqqətini cəlb etməyi düşünə bilərlər. Başqa sözlə desək, Bakının mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşmanın baş verməsi tolerantlıq, dini dəyərlərə hörmət kimi məsələlərin müzakirə olunduğu forumda Azərbaycanın bu istiqamətdə gördüyü işlərin, verdiyi bəyanatların dəyərini azaltmaq məqsədi daşıya bilər. Xatırladaq ki, ötən il də Bakıda eyni məzmunlu forum keçirilərkən, bu cür aksiyalar səngimirdi.

Başqa bir versiya aksiyanın təşkilində “üçüncü qüvvənin” əlinin olmasıdır. Mümkündür ki, İran-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olmayan qüvvələr (dövlət, kəşfiyyat qurumu, marginal qruplar və s. ) Bakının mərkəzində bu cür aksiyanın təşkilini gizli yolla stimullaşdırmaqla iki dövlət arasında yenidən gərginlik yaratmaq istəsinlər. Hələlik bu versiyanı təsdiq edəcək heç bir ciddi əsas yoxdur, amma keçirilən aksiyadan sonra İran-Azərbaycan münasibətlərində gizli gərginliyin yaranacağı şəksizdir. İki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı dövlətlər, güclər kifayət qədərdir. Bu baxımdan hətta onların əli olmasa belə, islamçıların Bakının mərkəzində polis əməkdaşlarına zorakılıq tətbiq etməsinin nəticələri həmin dövlətlərin, güclərin maraqlarına cavab verir. Buna görə “üçüncü əl” versiyasını da birdəfəlik kənara qoymaq olmaz.

Digər versiya isə son günlər gərginləşən Türkiyə-Suriya münasibətləridir. İranla Suriya arasındakı münasibətlər Azərbaycanla Türkiyənin yaxın strateji əməkdaşlıq münasibətlərinin bənzəridir. Bu bir az başqa sözlə desək, Türkiyənin Suriyaya etdiklərinin qarşılığı olaraq İranın Azərbaycana təzyiq göstərməyə başlaması varinat; kimi də qəbul oluna bilər.

Bu aksiyanın təşkil edildiyi vaxtla bağlı müxtəlif versiyalar səsləndirmək mümkün olsa da, səbəb dəqiqidir. Aksiyanın əsas hədəfi Azərbaycanda islamçı qruplaşmaların konkret gücə malik olmasını göstərmək, cəmiyyətdə “biz polis zabitini qana bulamağa, dövlətə kim olduğumuzu nümayiş etdirməyə qadirik” rəyi formalaşdırmaq olub. İslamçı qruplaşmalar bu cür addımı atmasına ölkənin daxili siyasətində baş verən son hadisələr də təsiri göstərməmiş deyil. İslamçıları “ruhlandıran” məqamlardan biri də “biz də kiminsə cəzalandırılmasın nail ola bilərik” ümidi və bununla cəmiyyətə güclü olduğu mesajını vermək niyyətidir...

APA-ANALİTİKA
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR