İstehlak mədəniyyətimiz – DEPUTAT YAZIR

İstehlak mədəniyyətimiz – <font color=red>DEPUTAT YAZIR</font>
# 24 oktyabr 2012 13:52 (UTC +04:00)
Bu gün ölkədə əmək haqqının artırılması istiqamətində daim müzakirələr gedir. Əlbəttə, vaxtaşırı ölkəmizdə əmək haqqının artırılması istiqamətində iş aparılır. 2008-ci ildə Azərbaycanda ən yüksək əmək haqqı artımı olub. Həmin il əmək haqqı təxminən 30 faiz artıb. Sonrakı illərdə də yaşayış minimumu rəqəminə uyğun olaraq əmək haqqı artırılıb. Ancaq biz tez-tez cəmiyyətdə varlısından da, kasıbından da, orta təbəqədən də, yüksək əmək haqqı alandan da eşidirik ki, əmək haqqı, bütövlükdə gəlirlər xərclərə bəs eləmir, çatmır.

Burada bir qanunauyğunluq var. Bu qanunauyğunluq ondan ibarətdir ki, insanların tələbatı ilə təminatı düz mütənasibdir. İnsan təmin oluna-oluna onun tələbatı artır. İnsan nə qədər çox yüksək əməkhaqqı alırsa, o qədər də müvafiq olaraq xərcləri artıq və məntiqi olaraq daha çox istəyir. Bu, sosial siyasətin ən başlıca qanunlarından biridir.
Bəs nə etmək lazımdır ki, sosial rifah cəmiyyəti yarananda insanlar razı olsunlar?

Orta təbəqənin formalaşması yolları

Bununla bağlı dünyada ilk növbədə geniş yayılmış bir məfhum var. Söhbət orta təbəqənin formalaşmasından gedir. Orta təbəqə artıq yaşayış minimumu kriteriyaları ilə yox, orta yaşayış istehlak səbəti göstəriciləri ilə, daha yüksək rəqəmlər, tələblər əsasında yaşayır.

Öncə onu qeyd etmək lazımdır ki, dünya təcrübəsində və nəzəriyyəsində cəmiyyətin bir neçə: - piramidavarı, rombvarı, silindrvarı və s. təbəqələşmə modelləri var. Piramidavarı təbəqələşmədə yuxarıda bir qisim varlı, ondan sonra kiçik miqdar orta təbəqə, sonra isə bütün piramida kasıb təbəqədən ibarət olur. Buna partlayış vəziyyətində olan təbəqələşmə deyirlər. Çünki bufer, - orta təbəqə çox zəifdir, aşağıdan təzyiq piramidanı dağıda bilər. Amma rombvarı təbəqələşmədə rombun yuxarısında bir az varlı, aşağısında bir az kasıb var, orta təbəqə güclüdür. Burada orta təbəqədən yüksək təbəqəyə, yüksək təbəqədən orta təbəqəyə, kasıb təbəqədən orta təbəqəyə, orta təbəqədən kasıb təbəqəyə keçid prosesləri baş verir. Yəni proseslər iki qovuşma sərhədlərində gedir və orta təbəqə o qədər güclüdür ki, aşağıdan yuxarıya hər cür təzyiqləri dəf edir və sistemi sabit saxlayır. Ona görə də dünyada orta təbəqə institutu, orta təbəqə məfhumu geniş yayılıb.

Azərbaycanda da bu istiqamətdə ardıcıl iş aparılır. Bu gün kiçik sahibkarlığın inkişafı, orta sahibkarlığın formalaşmağı baxımından Azərbaycanda güzəştli kreditləşmə aparılır. Pul-kredit bazarında adamlarımızın böyük əksəriyyəti bundan faydalanırlar. Kənd təsərrüfatının bir sıra prioritet sahələrinə, emal müəssisələrinə, turizm sektoruna xüsusi güzəştli kreditlər verilir. Güzəştli kreditlər yeni iş yerlərinin yaranmasına, insanların gəlirlərinin artmasına, bir başa xidmət edir, ailələr özlərini dolandıra bilirlər. Bu kreditlər hesabına da ölkəmizdə sözün əsl mənasında böyük orta təbəqə ordusu formalaşır.
Orta təbəqənin formalaşmasında ikinci istiqamət dövlətin əmək haqqı fəlsəfəsidir. Əmək haqqı fəlsəfəsi əsasən yaşayış minimumu göstəriciləri üzərində qurulub. Yaşayış minimumu və minimum əmək haqqı illərlə dəyişir və buna uyğun olaraq əmək haqqı xüsusi 19 qrafalı tarif cədvəlinə uyğun olaraq dəyişir. Bu gün Azərbaycanda orta əmək haqqı 340-370 manat civarındadır. Bu, kiçik rəqəm deyil. Yaşayış minimumu rəqəmini götürəndə, gələn il üçün bu rəqəm 116 manat nəzərdə tutulub. Minimum əmək haqqı bu rəqəmə uyğun qurulacaq və artım istiqamətində dəyişəcək. Əlbəttə ölkə iqtisadi maliyyə sistemi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə əmək haqqının artırılması istiqamətində daim düşünür və ardıcıl iş aparır.

Üçüncü istiqamət real gəlirlərin çoxalmasıdır. Yəni alıcılıq qabiliyyətinin yüksəlməsidir. Qiymətlərin süni surətdə, hətta qismən qorunması çətindir, bu işlərə ağıllı müdaxilə tələb olunur. Çünki bazar iqtisadiyyatına keçmişik və ona görə də qiymətlərin yüksəlməməsi üçün bazar iqtisadiyyatının qanunlarına uyğun bəzi addımlar atılır. Məsələn, kənd təsərrüfatı məhsullarının şəhərlərdə satış yarmarkaları təşkil olunur, anti-monopoliya siyasəti aparılır. Bütün işlər görülür ki, insanların real gəlirləri artsın.

Digər yol bir ailədə işləyən insanların sayının artmasıdır. Görürsən ki, bir ailədə bir nəfər, başqa bir ailədə 3 nəfər işləyir. Ailədə çalışanların çox olması da ailə büdcəsinə kömək edir, insanların rifahına təsir edir.

Fərdi təsərrüfatların yaranması da mühümdür. Bir nəfər fiziki şəxs kimi fermer təsərrüfatları yaradır, mal-qara saxlayır satır, həyətində əkin əkir. Fiziki şəxslər də orta təbəqənin bir qoludur. Özəl taksiçilik, özəl dərziçilik və bir sıra digər sahələrdə fərdi çalışanlarda bu sıradadırlar. Evlərdəki qulluqçuları da qeyd etmək lazımdır. Bunlara qeyri-populyar iş yerləri də deyirlər. Bu gün Azərbaycanda evlərdə qulluqçular, dayəlik edənlər, dərs deyən repetitorlar, taksi sürənlər var. Onu da qeyd edim ki, bu sahədə çoxlu boş iş yerləri var. İndi şəhər kənarı bağ evlərimizdə nə qədər insanlar çalışır, qalır? Bu institutun özü də genişlənməlidir. Bu da real gəlirlərin artmasına xidmət edir.

“Yorğanına bax, ayağını uzat”

Ən mühüm məsələlərdən biri də istehlak mədəniyyətimizin yüksəlməsidir. Bu, bizim üçün təzə məsələ deyil. Ata-babalarımız deyiblər ki, “yorğanına bax, ayağını uzat”, “anasına bax, qızını al, arşınına bax, bezini al”. Çünki ev quran, ev dağıdan xanımlar var. Xanım var ki, pulu sel kimi səpələyir, xanım var ki, yığımdardır, qənaətcildir, hər şeyin qədrini bilir. Çox təəssüf ki, bizdə sovet mentalitetindən gələn bir sıra eybəcərliklər var. Bunlar nələrdir? Biz daha çox o sistemdən qalan israfçılığa öyrənmişik ki, elektrik çox ucuz qiymətə idi, işığa heç qənaət etmirdik. Görürsən ki, gecə oldu, eyvanda işığı söndürmürdülər. Suyun, qazın məsrəfi də bu sıradadır.

İstehlak mədəniyyəti çox maraqlı bir institut, maraqlı bir sahədir. Məsələn, Avropada, ABŞ-da orta məktəblərdə istehlak mədəniyyəti dərs kimi keçirilir. Buna “Shopping education”də deyirlər. Uşaqlara bazarlıq etmək mədəniyyəti öyrədirlər. Tutaq ki, endirim olan vaxt bazarlıq etsinlər, hansı mağazalardan nələr və hansı keyfiyyətdə daha ucuz məhsullar alsınlar, bunlar öyrədilir. Bu baxımdan bizdə də bu sahədə kütləvi və masştablı işlərin görülməsi vacibdir. Uşaqlarımızın böyük əksəriyyəti xarici firmaların guya brend adı altında eybəcər paltarlarını çox baha qiymətə alırlar. Amma görürsən ki, biri sadə, gözəl paltar alıb, deyək ki, hətta Çin məhsuludur, amma əyninə şık oturur. Adam var ki, 2 min manatlıq kostyum geyinir, yaraşmır, üstündə eybəcər görünür. Lakin kostyuma 2 min manat verdiyi üçün az qala astarında nə yazıldığını göstərə-göstərə gedir. Bəziləri 200 manatlıq elə kostyum geyinir ki, əyninə də yaraşır, özünə də yaraşır. 2 min manatlıq kostyumu da 1-2 ildən artıq geyinilmir, 200 manatlıq kostyum da 1 ildən artıq geyinilmir. Ona görə də bu məsələlərdə çox düşünülmüş və diqqətli addımlar atılmalıdır.

Həm bahalı, həm də ziyanlı yemək rasionu

Yemək rasionuna da fikir vermək əhəmiyyətlidir. Bir neçə dəfə mətbuatda bu barədə çıxışlarım olub, fikirlərimi oxucuya düz çatdırmayıblar. Məsələn, bir dəfə demişdim ki, şişman adamlardır, əmək haqları yüksək deyil, ortadır, amma gündə ət, yağlı, daha yüksək kalorili ərzaqlar yeyirlər. Dünyanın heç yerində belə yemək rasionu yoxdur. Sən axı şişmansan, adam özünü qorumalıdır, belə yeməyin ziyanları barədə bilməlisən! Bu, həm bahalı, həm də ziyanlı rasiondur. Məsələn, yadıma gəlir, kənddə yaşayırdım, anam tərəvəzlərdən elə dadlı, ləzzətli xörəklər bişirərdi ki, doyardıq da, hər şey yaxşı qiyməti də məqbul olardı. Bu gün da Allaha şükür, sağ-salamatıq, heç narahat yerimiz yoxdur. Bəlkə bütün bunlarda uşaqlıqda yediyimiz o rasionlu yeməklərin əhəmiyyəti az olmayıb. Düşünürəm ki, bütün bu məsələlər haqqında ailələrdə danışılmalıdır. Mütəxəssislər tərəfindən hamısı öyrədilməlidir.

Mən həmişə deyirəm ki, qızlarımız gəlin kimi böyüməlidir. Qız evdə bütün bunları öyrənməlidir, çünki sabah evin xanımı olacaq. Gərək o evin xəzinədarı ola bilsin. Sabah evinin xörəyini bişirəcək. Yaxşı halda ərimin pulunu xərcləyəcək. Bunların hamısını qızlar da, oğlanlar da cavanlıqdan öyrənməlidirlər ki, gələcəkdə israfçılığa yol verməsinlər. Sadəcə çox rasional həyat sürə bilsinlər.

Zaman gəlib ki, cəmiyyətdə istehlak mədəniyyəti hər gün müzakirə olunmalıdır. İsrafçılıq qınaq yerinə çevrilməlidir. Bizim mətbuatımız, televiziyalarımız cəmiyyət israfçılığını, vətəndaş israfçılığını çox kəskin qınamalıdır, tənqid hədəfinə döndərməlidir. Qoy desinlər ki, filankəsin toyunda xörəklər səpələnir, tökülürdü. Geyimlərdə eybəcər, bahaçılıqlar var idi, musiqiçilərə səbəbsiz çoxlu pul verilmişdir və s. Bəzən görürsən adamlar bəhsə girirlər. Deyirlər ki, filankəs qonaqlığında filan yeməkləri vermişdi, mən də etməliyəm. Kabablar, on cür salatlar, bilmirəm daha nələr, adam yeməkdən də çimçəşir. Ona görə də burada artıq istehlak mədəniyyəti önə çəkilməli, bu barədə geniş danışılmalıdır. İsrafçılıq qınaq obyektinə çevrilməli, qənaətçilik həvəsləndirilməlidir. Dünya bu gün qənaət üzərində qurulub. İşığı, geyimi, parçanı, taxtanı qənaət edirlər. Hər yanda bir qoruyucu elementlər var ki, israfın qabağını alsınlar. Hələ biz kapitalizmin o vacib məqamına, ciddi tələblərinə, nəticə fəsadlarına gəlib çıxmamışıq. Kapitalizm insanları qənaətcil olmağa, pulunun qədrini bilməyə öyrədir və həm də nə qədər ağrılı da olsa məhkum edir.

Yaxşı sənətkar, qənaət...

Digər tərəfdən, daha yaxşı yaşamaq istəyən adam daha çox işləməlidir. Mənimlə razılaşmaya bilərlər. Hamı yüksək maaş istəyir. Get, yaxşı oxu, yaxşı sənətkar, mütəxəssis ol, tenderdən, imtahanlardan keç, sənə yüksək maaş versinlər. Bu gün savadlı müəllimlərimiz uşaq yetişdirir, yaxşı yaşayırlar. Savadlı və zəhmətkeş həkimlərimizin qapısını döyən çoxdur. Yaxşı maşın düzəldən ustanın, yaxşı diş düzəldən həkimin qapısında növbədir. Bu gün firavan yaşamaq üçün daha çox çalışmaq lazımdır. Bəzən məktəbdə müəllim işləyirlər. Mən başa düşürəm, müəllim ali sənətdir, müəllimin maaşı çox olmalıdır. Nə edək ki, bu günkü gündə indi qismən aşağıdır, biz istəyən qədər deyil. Onda maaş çatmırsa, yaxşı yaşamaq istəyirsənsə, gedib günortadan sonra hansısa bir işlə məşğul olmalısan. Tutaq ki, bir dizayn şirkətində çalışmalısan. Yaxud bu gün çoxlu sayda öyrətim şirkətləri var, orada çalışırsan. Yaxud QHT yaradırsan, özəl kitab çapı ilə məşğul olursan. Yəni əlavə gəlir yerin olur. İndi ölkədə nə qədər yaşıllıqlar salınır?! Landşaft dizaynerlərinə, çilingilərə, gül toxumçuluğuna və s. ehtiyac var.

Nə demək istəyirəm? Biz istehlak mədəniyyətinə sahib olmağın, qənaətcilliyin və pul qazanmağın ayıb olmamağı istiqamətlərinə xüsusi önəm verməliyik.

Bu gün bizə çox deyirlər ki, gəlin maaşları artıraq. Maaşları artırmağa nə var? Puldur, kağızı çap edib, ortaya qoyacağıq. Yunanıstanda baş verənləri də gördük. Siyasi mübarizədə iqtidar-müxalifət maaşların artırılması ilə bağlı populist vədlər verdi, biri hakimiyyətə gəldi, maaşları artırdılar. Hansı pulla, haradan gətirdin ki, maaşı artırdın?!
Qazandığından iki dəfə çox insanlara maaş verir, pensiya yaşı aşağıdır. Bu, dəhşətli bir vəziyyətə gətirdi. Pul qanunu var. Pul kütləsi ilə istehsal olunan malların və xidmətlərin dəyərinin həcmi bərabər olmalıdır. Bu balans pozulan kimi pul qiymətdən düşür, pulun alıcılıq qiyməti ölür. Bunlar hamısı ölçülüb biçilməlidir. İtaliyada, İspaniyada belə populist yollarla getdilər, gördünüz ki, nəticəsi nə oldu.

Azərbaycanda bu gün inkişaf, irəliləyiş hər yerdə, hər işdə var. Bəzən görürsən ki, tikintilərdən, abadlıq-quruculuq işlərindən danışırlar, bura çox pul ayrıldığını qınayırlar. Unudurlar ki,. bu işlərə ayrılan vəsaitlərin təxminən 20-30 faizi əmək haqqına gedir. Möhtərəm Prezidentimiz İlham Əliyevin modern dövlət quruculuğu modelinin özəllikləri var. Özəlliklərdən biri və başlıcası, populizmə uymadan Azərbaycan vətəndaşının sosial rifahının günbəgün artırılması və yaxşılaşdırılmasıdır. Bunun üçün isə istehlak mədəniyyətinin yüksəldilməsi ən vacib və önəmli istiqamətlərdən və vəzifələrdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR