Türk mətbuatının bugünkü durumuna jurnalist baxışı – ANALİZ

Türk mətbuatının bugünkü durumuna jurnalist baxışı – <font color=red>ANALİZ</font>
# 29 oktyabr 2012 12:58 (UTC +04:00)
1. Məhkəmədən fraqmentlər

Bəziləri “inkvizisiya məhkəmələri” deyir, bəziləri 30-cu illər Almaniyasının və İtaliyasının məhkəmələrinə bənzədir, “Stalin məhkəmələri” deyən Türkiyənin Avropa İnsan Haqları Məhkəməsindəki keçmiş hakimi(10 il), CHP İzmir millət vəkili Rıza Türmənə “Hürriyet”in yazarı Taha Akyol etiraz edir və s...

Bu “məhkəmə”lərin beynimdə yaratdığı assosiasiya 30 il qabaq Azdramada gördüyüm bir səhnənin eynisidir: Əkrəm Əylislinin “Quşu uçan budaqlar” pyesində (“Kür qırağının meşələri” povestinin süjeti əsasında yazılmışdı) “Bilqeyisin xalçasını oğurlamaq” böhtanı ilə tutulan Qədirin məhkəməsində səhnə bir anda qaranlığa gömülür, o qaranlığın içindən çıxan bir neçə qorxunc insan Qədirə “məhkəmədir, məhkəmə” rədifli şeiri son hökm kimi oxuyaraq səhnədən çəkilirdilər. Müsəlman ölkələrində ədalətli məhkəmə olurmu? Bunu bilmirəm, baş yormağa həvəsim də yoxdur, həm də ona görə ki, müsəlman ölkələrindəki məhkəmə “spektaklları”nın ictimai vicdanı rahatlamaqla heç bir əlaqəsi olmadığını 30 il əvvəl Azdramadakı bir fraqment beynimə həkk edib; Türkiyədə keçirdiyim 20 ilin son illəri də “məhkəmə” məfhumunun 30 il qabaq Azdramada beynimə yüklənmiş semantikasını təsdiqləmiş oldu.

Avropanın ən böyük ədliyyə sarayı olan Çağlayan binasında 75 yaşlı professorun məhkəməsindən bu fraqmentə diqqət yetirməyinizi istərdim. Bu arada məhkəmənin qəbul etdiyi 134 səhifəlik prokurorluq ittihamnaməsinin və əlavə qovluqların tamamının telefon dinləmələri üzərində qurulduğunu və sovet məhkəmələrində belə telefon danışıqlarının dəlil-sübut sayılmadığını xatırlatmadan keçə bilməyəcəyəm.

Prokuror: Demisiniz ki, Ertuğrul Özkök “Hürriyet” qəzetinin baş redaktoru vəzifəsindən gedəcək, yerinə Enis Berberoğlu gələcək. Bunu haradan bilirsiniz?

“Terror təşkilatı qurmaq və idarə etmək” iddiası ilə həbs edilmiş 75 yaşlı professor: Bəli, mən o cür şeyləri bilirəm, ancaq haradan bildiyimi bilmirəm (salonda gülüşmə, hakim salondakı tamaşaçıların gülməməsi üçün xəbərdarlıq edir).

Prokuror: Bir telefon danışığınızda demisiniz ki, filan-filan jurnalist-yazarlara qarşı savaş açdım. Savaşı nə üçün açdınız, nə ilə açdınız?

“Terror təşkilatı qurmaq və idarə etmək” iddiası ilə həbs edilmiş 75 yaşlı professor: Mən bir yazaram, obyektiv olmayan, ölkəmin mənafeyini düşünməyən jurnalist-yazarlara qarşı qələmimlə savaş açıram, doğru çizgiyə gələnlərə qarşı açdığım savaşı isə dayandırıram. Bu, mənim gündəlik işimdir, qələmimlə kimə hansı səbəblə savaş açdığımı necə xatırlaya bilərəm?”

Prokuror ( “terror təşkilatı qurmaq və idarə etmək” iddiası ilə həbs edilmiş və 21 aydan bəri həbsdə olan internet saytının sahibi jurnalist-yazara): Telefonda başqa bir jurnalist sizə deyir ki, mənim “odekolon qoxulu jurnalist” bənzətməmi boşa çıxarmaq üçün işlədiyim qəzetin baş redaktoru o bənzətməni yönəltdiyim jurnalist-yazarla müsahibə dərc edib, bununla bağlı sizin saytda ona qarşı savaş açmaq istəyirəm. O jurnalist “savaş açmağı” hansı məqsədlə deyir?

Sayt sahibi jurnalist-yazar: Burada jurnalistikanı müzakirə edirik? Siz bizi “terror təşkilatı qurmaq və idarə etməklə” ittiham edirsiniz, qəzetin baş redaktoru ilə yazarı arasında olan hansısa anlaşmazlığa mənim nə dəxlim var? Bunun bizə qarşı irəli sürdüyünüz ittiham maddələri ilə nə əlaqəsi var?

Məhkəmənin sədri ayağa qalxır: Biz burada həqiqətləri ortaya çıxarmağa çalışırıq, ədalətli hökm verməyimiz üçün önəmsiz görə biləcəyiniz bütün sualların cavabını tapmaq istəyirik.

Prokurorluq ittihamnaməsinə görə, internet saytının kompüterində tapılan bəzi fayllar “şübhəli şəxslərin terror təşkilatı qurduğunu və idarə etdiyini göstərir”, şübhəli şəxslər “o faylların başqa kompüterdən virus yolu ilə göndərildiyini” vurğulayır, Türkiyədən 3 universitet, ABŞ-dan isə 1 elmi-araşdırma qurumu faylların virusla göndərildiyini təsdiqləyən rəylər hazırlayır, ancaq məhkəmə o raportlara etibar etməyərək, prokurorluğun ittihamnaməsinə əsas təşkil edən faylları Türkiyə Elm və Texnika Araşdırma Qurumuna (TÜBİTAK) göndərir, oranın rəyini gözləmək üçün məhkəmə iclasları arasında 3 aylıq fasilələr verilir, raportun gəlməməsi şübhəli şəxslərin həbs müddətinin uzadılmasının yeni səbəbi olur. 7 aydan sonra gələn 339 səhifəlik raportda bir tərəfdən, faylların viruslu olduğu qeyd edilir, digər tərəfdən isə şübhəli şəxslərin viruslu fayllardan istifadə edə biləcəyinə diqqət cəlb edilir.

Hakim “dəqiq rəy yazmadığına görə” TÜBİTAK-a əsəbiləşir, prokuror faylların yenidən eyni yerə analizə göndərilməsini və yeni raport gələnə qədər şübhəli şəxslərin həbsdə qalmasını tələb edir, daha insaflı çıxan hakim isə TÜBİTAK-dan 20 gün içində dəqiq rəy göndərməsini tələb edir və 2 şübhəli şəxsi sərbəst buraxır. Saytın sahibi jurnalst-yazar və 75 yaşlı professor içəridə qalırlar, 20 gün möhlət verilmiş TÜBİTAK-dan isə 1.5 aydır ki, xəbər yoxdur. Məhkəmənin növbəti iclası 16 noyabrda olacaq, ancaq bəzi iddialara görə, jurnalistlərin məhkəmə prosesinin “Ergenekon” adı verilən proseslə birləşdirilməsi gözlənilir ki, bu durumda içəridə qalmış internet saytı sahibinin və 75 yaşlı professorun gün işığı görməsi qeyri-mümkün olacaqdır.

“Sayı 6 və ya 76 olsun, Türkiyədə jurnalistlər niyə həbsdədir?” sualına uzun müddətdən bəri müxtəlif hündürlüklərdən müxtəlif cavablar gəlir: prezident Abdullah Gül heç kimin yazdıqlarına görə həbsə girməməsini vurğulayır, baş nazir Erdoğan isə buna “diametralno protivoplojnıy” cavab verib deyir ki, onlar yazdıqlarına görə yox, “terror təşkilatına üzv olduqlarına görə” içəridədirlər. Hətta 1.5 il əvvəl təyyarəsi Avropa səmalarında ikən Tayyip bəy “bəzən kitab yazmaq bomba düzəltməkdən daha təhlükəlidir” kəlamını tədavülə buraxdı. Baş nazirin müavini (bəli, düz xatırladınız, ölkə mediasının problemlərini həll edib onların fəaliyyətinin tənzimlənməsinə birinci dərəcədə cavabdeh olan şəxs) Bülent Arınç - görünür, ərəb simvollarını çox sevdiyinə görə “Bu işin lamı-cimi yoxdur, jurnalist-yazarlar peşələrinə görə həbsdə ola bilməzlər” deyir. Ana müxalifət lideri Kılıçdaroğlu bir tərəfdən, partiyasının həbsdə olan 2 millət vəkilini Məclisə aparmağa çalışır, o biri tərəfdən mətbuat azadlığının əldən getməməsi üçün var gücü ilə çırpınır( jurnalist-yazarların bütün məhkəmələrində CHP millət vəkilləri Oktay Ekşini, İlhan Cihaneri, Melda Onuru və başqalarını görmək mümkündür). Deyəsən, ölkədə mətbuat azadlığının boğulması məsələsi MHP lideri Dövlət Baxçalının heç vecinə deyil. Kürd təmayüllü BDP-ni isə terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısının həbs şəraitinin yaxşılaşdırılmasından başqa heç bir məsələ maraqlandırmır.

2. Keçən il 8, bu il 76...

Və bu dəmdə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatı çıxır: Türkiyədə 76 jurnalist-yazarın həbsdə olduğunun göstərildiyi hesabatda, onlardan 61-nin peşələrinə görə həbsdə saxlandığı vurğulanır, qalan 15 nəfərin durumunun isə incələnməyə davam edildiyi bildirilir. Xatırlatmaq yerinə düşərdi ki, 20 gün əvvəl Avropa Birliyi Türkiyə ilə bağlı “İrəliləmə raportu”nda bir çox sahədə olduğu kimi, söz azadlığı sahəsində də vəziyyətin xeyli gerilədiyini vurğulayıb, Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış artıq ənənəyə çevirdiyi tərzdə Brüsseli “qərəzli və tərəfli” olmaqda günahlandırıb. Türkiyə Böyük Millət Məclisi Konstitusiya komissiyasının sədri Burah Kuzu isə TV canlı efirdə raportu bükərək zibil qutusuna atmışdı. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) keçən il açıqlanan raportunda Türkiyədə 8 jurnalist-yazarınn peşəsinə görə həbsdə olduğu bildirilib, istər AB naziri Egemen Bağış, istərsə də ədliyyə naziri Sadullah Ergin CPJ-nin raportunun son dərəcə obyektiv olduğunu vurğulayaraq raportu həm içəridə, həm də Avropada əllərindən yerə qoymamışdılar. Bu dəfəki raport isə keçən ilkinin - dərəcəsini ölçə bilmədim - tamamilə tərsi olub, peşəsinə görə həbs edilən jurnalistlərin sayını bir qələmdə 8-dən 76-ya çıxarır və İranı da geridə qoyan Türkiyə “peşəsindən dolayı həbsdə olan jurnalistlərin sayına görə” dünyada birinci yerə çıxırdı. Xatırlatmaq yaxşı olardı ki, CPJ-nin keçən ilki raportu həbsdəki jurnalist-yazarların haqlarını müdafiə edən təşkilatların və yazarların sərt reaksiyasına səbəb olmuş, “Jurnalistlərə azadlq platforması”nın həmsədri, Türkiyə jurnalistlərin həmkarlar təşkilatının sədri Ercan İpekçi CPJ-ni qınayan açıqlamalar vermişdi. Türkiyədə 76 jurnalist-yazarın “peşəsinə görə həbsdə olduğunu” elan edən bu ilki CPJ raportunun əsas başlığının “Türkiyənin mətbuat azadlığı böhranı: jurnalistlərin həbs edildiyi və müxalifətin suç sayıldığı qaranlıq günlər” - şəklində olması iqtidar dairələrinin CPJ-ni keçən il göylərə qaldırıb bu il yerlərə vurma cəhdlərinin qabağına çəkilən sədd oldu. CPJ-nin keçən ilki hesabatı iqtidarı sevindirdiyi kimi, hesabata sərt reaksiya göstərən jurnalist-yazarların sayı da bir əlin beş barmağını keçməyəcək qədər az idi. Bu il isə başqa bir durumla qarşı-qarşıyayıq - hökumət CPJ-nin raportundakı sərt tənqidlərə ehtiyatlı yanaşdığı kimi, jurnalist-yazarlar ölkədə mətbuat azadlığının boğulmasına qarşı səslərini daha yüksəkdən hiss etdirdilər. İş o yerə vardı ki, “Millyet”in yazarı Güneri Cıvaoğlu “Bəs islam mediası?” adlı məqaləsində Türkiyəni digər islam ölkələrindən fərqləndirən önəmli cəhətlərdən birinin müstəqil mətbuat olduğuna diqqəti cəlb edərək bunu yazdı: “İslam Konfransı Təşkilatından, Orta Şərq ölkələrindən, Şimali Afrika ölkələrindən “mətbuat azadlığı” üçün niyə heç vaxt bir reaksiya göstərilməz? Oralarda da qəzetlər və televiziyalar var, internet jurnalistikası yapılır...O coğrafyalarda “mətbuat azadlığı” deyə bir məsələ yoxdur” .

Açığını deməliyəm ki, Türk mediasının Orta Şərq, Şimali Afrika ölkələrinin mediası ilə müqayisəsini ilk dəfə gördüm və buna məyus oldum.

Qərbdən, Şərqdən, Orta Şərqdən, Şimali Afrikadan - haradan baxarsaq-baxaq, professor Burhan Kuzu Qərbdən gələn hesabatları TV ekranlarında istədiyi kimi cırıb zibil qutusuna atsın, AB naziri və Baş müzakirəçi( “Vatan”ın yazarı Selahattin Dumanın “Baş münaqişəçi” bənzətməsini də uğurlu saydığımı deməliyəm) Qərb mənşəli hesabatlar açıqlandığı gün onları “qərəzli və tərəfli” adlandırsın - bunların heç biri Türkiyədə media azadlığının məhdudlaşdırıldığını görməmək üçün kafi olan arqumentlər deyildir...

3. Əşyanın naturası

Söz azadlığının təməlində duran ana prinsip - dövlətin dünyəvi yapısıdır, bu olmadan söz və ifadə azadlığına sahiblənmək mümkün deyildir.

Xeyr, dünyəvi faşist rejimləri mənə örnək göstərmək üçün tələsməyin, elmi və mədəniyyəti təməl almış sosializmin acı 1937-ci il təcrübəsini də o dəqiqə önümə qoymayın. Demək istədiyim bundan ibarətdir ki, əgər bir ölkə dünyəvi rejimlə idarə edilirsə, orda söz azadlığının məhdudlaşdırılmasına qarşı mübarizəni aydınlığın tarixi qazanımlarının diktə etdiyi prinsiplər üzərindən aparmaq mümkündür. İstənilən ölkə dini rejimlə idarə edilirsə və ya dünyəvi rejimlə idarə edilmiş bir ölkədə mühafizəkarlıq gündən-günə qatılaşırsa, orada söz azadlığının boğulması sistemin gündəlik tələbatına çevrilir. Daha konkret desəm, qatılaşan mühafizəkar dəyərlər aydınlığı özünə - fərqi yoxdur, gizli və ya açıq şəkildə - düşmən elan edir. Türkiyədə söz azadlığının pozulmasının semantikası da bundan ibarətdir. Son illərdə teatra və Qərb musiqisinə idarəçilərin və ölkədə limitsiz dərəcədə güc sahibi olan dini icmaların göstərdikləri münasibəti yan-yana qoyanda söz azadlığının məhdudlaşmasının səbəblərini daha yaxşı görə bilirsiniz; bu, total bir prosesdir...

Söz azadlığının ana paradiqması nöqteyi-nəzərindən dəyərləndirəndə Azərbaycanın Türkiyədən irəli keçdiyini deməliyəm.

Səbəblərini konkret şəkildə izah edəcəyəm...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR