İşğaldan azad edilmiş ərazilər məqsədyönlü siyasət nəticəsində yenidən qurulur - TƏHLİL

Füzuli şəhərinin baş planı ilə tanışlıq

© APA | Füzuli şəhərinin baş planı ilə tanışlıq

# 18 oktyabr 2021 15:50 (UTC +04:00)

2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri mütəmadi xarakter alıb. Müharibə zamanı hərbi, siyasi məsələləri nəzarətinə götürərək, rəhbərlik edən Azərbaycan Prezidenti postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağ bölgələrində yenidənqurma, təmir-bərpa işlərinə bilavasitə özü başçılıq edir. Qısa müddət keçməsinə baxmayaraq, adı çəkilən ərazilərdə görülən işlər göz qabağındadır. Təsadüfi deyil ki, hazırda bölgədə müxtəlif layihələrlə məşğul olan xarici şirkətlərin nümayəndələri, o cümlədən, bölgəyə səfər edən xarici qonaqlar tamamilə məhv edilən yaşayış məntəqələrinin Azərbaycan tərəfindən bir neçə ay ərzində belə tezliklə, intensiv şəkildə yenidən qurduğuna şahidlik etdiklərini bildirirlər.

Oktyabrın 17-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun işğaldan azad olunmasının ildönümündə adı çəkilən şəhərə səfər ediblər. Prezident və Birinci xanım bir neçə təməlqoyma mərasimində iştirak edib, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, şəhərin baş planı ilə tanış olublar.

Azərbaycanın dövlət başçısı çıxışı zamanı bir sıra vacib məqamlara toxunub.

Füzulinin azad edilməsi

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Horadiz və Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad etmişdi. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Ümummilli Lider Heydər Əliyevin əmri ilə başlanmışdı. Həmin vaxt həm də ermənilərin Beyləqana hücumunun qarşısı alınmış, Milli Ordumuz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəni azad etmişdi.

İşğal illərində Füzulidə ermənilər ekoloji terror törətməklə yanaşı, rayon ərazisində bir evi, bir tikilini belə salamat qoymayıb, rayonun XII əsrə qəbiristanlığını, XVII əsrə aid Mirəli türbəsini, Cəlil türbəsini, XIX əsrdə tikilmiş məscidi, İmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək vandallıq ediblər.

Füzulinin azad edilməsi 44 günlük Vətən müharibəsi tarixində əhəmiyyətli yerlərdən birini tutur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və əsgərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Ordusu Füzuli şəhərini düşməndən azad etməklə Ermənistan üzərində möhtəşəm Qələbəyə daha bir addım yaxınlaşdı. Füzuli şəhərinin işğaldan azad edilməsi ilə Ermənistanın müdafiə potensialına xeyli dərəcədə zərbə vuruldu, erməni ordusu xeyli canlı qüvvə və texnika itirdi. Bu hadisə erməni əsgərlər arasında çox böyük ruh düşkünlüyü yaratdı, Ermənistanda, eyni zamanda döyüşlərin getdiyi ərazilərdə fərariliyi idarə olunmaz şəkildə genişləndirdi. Bundan başqa, Füzulinin azad edilməsilə Ermənistan ordusu birinci eşelon hissə və bölmələri ilə əks-hücum əməliyyatları keçirmək imkanından məhrum edildi.

Görüşdə bu məsələyə toxunan Azərbaycan Prezidenti aşağıdakıları qeyd etdi ki, Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı: “Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”.

Füzulidə yenidənqurma işləri

Təəssüflər olsun ki, işğal altında olmuş digər rayonlar kimi, Füzuli rayonu da erməni vəhşiliyindən öz nəsibini alıb. Ermənistan 30 il ərzində rayondakı bütün binaları sökərək daşlarını bəzi qonşu bölgələrə satıb, mədəniyyət abidələrimizi yerlə-yeksan edərək Azərbaycan xalqının bölgədəki varlığının izlərini silməyə cəhd göstərib. Ermənilərin vəhşiliyinə toxunan Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür: “Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Düzdür, işğal dövründə Minsk qrupunun nümayəndələri iki dəfə faktaraşdırıcı missiya ilə bu bölgələrə gəlmişdilər və müvafiq məruzələr hazırlanmışdı. O məruzələrdə göstərilirdi ki, düşmən burada böyük vandallıq törədib. Ancaq bu dərəcədə dağıntıları heç kim təsəvvür edə bilməzdi. Bu, erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib ilə erməni vəhşiliyini öz gözləri görürlər”.

Erməni vəhşiliyini, onların Azərbaycanın şəhər və rayonlarını yer üzündən sildiyini görən, lakin susmağa davam edən beynəlxalq ictimaiyyətin səssizliyi fonunda rəsmi Bakı bütün dünyanı regiondakı reallıqlarla bağlı düzgün məlumatlandırmaqla yanaşı, bölgənin yenidən qurulması işlərini intensiv şəkildə həyata keçirir. Füzuli rayonunda bu proseslər xüsusi mürəkkəbliyi ilə seçilir. Şəhər tamamilə dağıdılıb, rayon ən çox minalanmış ərazi sayılır. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin prinsipiallığı və diqqəti nəticəsində tez bir zamanda rayonda çox vacib işlər görüldü. Ötən qısa dövr ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib, rayon enerji ilə təmin edilib. Bu kontekstdə oktyabrın 17-də “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyuldu.

Torpaqlar işğaldan azad edildikdən sonra qarşıya qoyulan əsas məqsədlərdən biri elektrik enerjisi ilə təminat idi. Füzuli və qonşu rayonların da tez bir zamanda elektrikləşməsi nəzərdə tutulurdu. Füzulidən qısa müddət ərzində Şuşaya elektrik xəttinin çəkilməsi Azərbaycan dövlət başçısının postmüharibə dövründə apardığı strateji siyasətlə bağlı idi. Burada bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, bütün bölgə üçün çox vacib olan elektrik enerjisi ilə təchizat məsələsi ilin sonuna qədər azad olunmuş ərazilərdə tam həllini tapacaq.

Bundan başqa, qısa zaman kəsiyində yollarla bağlı da olduqca böyük işlər görüldü. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun inşası artıq yekunlaşıb, Füzuli-Əhmədbəyli-Şuşa magistral yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yollarının çəkilişi davam edir. 17 oktyabr tarixində isə daha bir şəhərlərarası yolun, Füzuli-Ağdam avtomagistralının tikintisinin təməli qoyulub.

Eyni zamanda səfər çərçivəsində “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq, 5 kəndi birləşdirəcək böyük yaşayış məntəqəsinin təməlqoyma mərasimi keçirilib. İşğaldan sonra Füzuli rayonunda istifadəyə veriləcək ilk yaşayış məntəqəsində ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulur.

Əlbəttə ki, ən müasir texnologiyalar əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində baş tutmaqdadır. Baxmayaraq ki, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi pandemiya dövrünün yaratdığı iqtisadi çətinliklər fonunda baş verir, Azərbaycan dövləti heç bir ölkədən, beynəlxalq institutlardan yardım almayaraq məqsədinə doğru surətlə irəliləməyə davam edir. Ən müasir texnologiyaların əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin, Azərbaycan dövlətinin gücünün göstəricisidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR