Politoloq: “Alen Simonyanın atəşkəsin təmin edilməsi barədə dedikləri ABŞ-a yaltaqlıqdır”

Qabil Hüseynli

© APA | Qabil Hüseynli

# 19 sentyabr 2022 15:38 (UTC +04:00)

“Ermənilər daim öz tərəfdaşlarını dəyişməyə adət ediblər. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri fonunda baş verənlər isə göstərir ki, Ermənistan indi də Rusiyadan uzaqlaşıb, ABŞ-la yaxınlaşmaq xəttini seçib”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Qabil Hüseynli deyib ki, Ermənistanda keçirilən son aksiyalarda ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə şüarlar, ABŞ-ın birmənalı olaraq Ermənistanı müdafiə etməsi ilə bağlı fikirlər səsləndirirlər: “Hətta fikirlər səsləndirirlər ki, gələcəkdə Ermənistanla ABŞ münasibətləri strateji müttəfiqlik səviyyəsinə qalxa, beləliklə, Ermənistanın NATO-ya, Avropa İttifaqına yolu açılmış olar”.

Politoloq qeyd edib ki, əslində, ABŞ-ın Ermənistanda güddüyü strateji məqsədlər var: “Bəli, ABŞ bir köynək ermənilərə yaxındır, Nensi Pelosi erməni lobbisi ilə sıx əlaqədədir. Nensi Pelosinin həyat yoldaşı da öz biznesini erməni lobbisinin köməyi ilə qurub və milyonlara sahib olublar. Onları birləşdirən əsas cəhət puldur. Amma ABŞ-ın strateji maraqları Ermənistanı Rusiyanın ağuşundan dartıb çıxarmaq və Ermənistandan İran əleyhinə yararlanmaqdır. Məsələn, Nensi Pelosi İrəvanda Qəfəsçiyan İncəsənət Mərkəzini gəzərkən “Avarayr döyüşü”nü əks etdirən rəsmin qarşısında dayanıb və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başlayıb. Nensi Pelosinin həmin tablonu seçməsi təsadüfi deyil. Erməni analitik Arqişti Kiviryan yazır ki, bu xanımın məqsədi erməni məsələsini həll etmək və bölgədə Ermənistanı müdafiə deyil, əksinə, hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır. “Mənim şərəfim var” blokunun bir deputatı isə deyir ki, “ermənilər, ayılın, Nensi Pelosinin göz yaşlarından məst olmayın, bu xanım belə göz yaşlarını çox töküb, onu Ermənistanın taleyindən çox ABŞ-nın strateji maraqları maraqlandırır”. Nensi Pelosi gedib qondarma soyqırım abidəsinin önündə ağladı, hıçqırdı. Amma bu xanım heç bilmir ki, həqiqətən belə soyqırım olubmu, ümumiyyətlə, həmin dövrdə nə baş verib. Diplomatiya çox çirkin bir şey olduğundan və bu xanım da diplomatiya sahəsinə üzü üzlər gördüyündən əlindən gələni etməyə çalışır ki, Ermənistanın etimadını qazansın. Bu aspektdə bir faktı da qeyd etmək istərdim. Nensi Pelonsi 1993-cü ildə doğma torpaqlarından məcburi köçkün düşməyə vadar edilmiş və Bərdə rayonunda çadır şəhərciyində məskunlaşmış, ağır şəraitdə yaşayan məcburi köçkünlərimizə də baş çəkib. O zaman da Nensi Pelonsi göz yaşlarını saxlaya bilməyib. İndi görəsən Nensi Pelonsi 1993-cü ildə 1 milyondan artıq azərbaycanlının yurd-yuvalarından qovulmasını, qeyri-insani şəraitdə yaşadıqlarını indi də yadda saxlayırmı?! Başa düşürmü ki, bunların hamısı erməni təcavüzünün ağır nəticələri idi, ermənilər həmişə bu bölgədə pozan əsas dağıdıcı qüvvə olub?”

Qabil Hüseynli bölgədə sülhyaratma prosesinin yenicə relsə düşdüyünü xatırladıb: “Ancaq Nensi Pelosi bu səfərlə sönməkdə olan ocağa kömür atır, qızışdırır. Bir sözlə, sülhyaratma prosesinə deyil, qarşıdurma prosesinə töhfə verir. Tərəflərdən birini əzizləməklə, ona gələcəkdə hərbi yardım göstərilməsinin mümkünlüyünü bəyan etməklə bölgədə yeni konfrontasiya mənbəyi yaradır. ABŞ belə siyasətlə çətin ki, bölgədə etimad qazansın və nüfuzlu bir söz sahibi olsun”.

Politoloq Ermənistan parlamentinin sədri Alen Simonyanın sərhədə son gərginlik zamanı atəşkəs rejimini guya ABŞ-ın təmin etməsi barədə açıqlamasının isə yalan və ABŞ-a yaltaqlıqdan başqa bir şey olmadığını vurğulayıb: “Atəşkəsin təmin edilməsində ABŞ-ın hər hansı xüsusi rolu olmayıb. Bu, 13 sentyabrda Rusiya tərəfinin təşəbbüsü ilə baş verib. Amma Ermənistanın hücumlarını davam etdirdiyinə görə bunu təmin etmək mümkün olmayıb. Bundan sonra tərəflərin birbaşa təmasları vasitəsilə atəşkəs təmin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR