Uğursuz vasitəçilik: Makron sülh vasitəçisi olmağa çalışır, lakin təşəbbüsləri mübahisəlidir

Makron, Putin

© APA | Makron, Putin

# 15 noyabr 2022 13:13 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun bir sıra qlobal məsələlər üzrə vasitəçiliyinin uğursuzluqla nəticələnməsinə həsr olunmuş məqalə dərc olunub.

“globeecho.com” saytında David Sadlerin müəllifi olduğu məqalə “Makron sülh vasitəçisi olmağa çalışır... Lakin onun təşəbbüsləri mübahisəlidir” adlanır.

Məqalədə qeyd olunur ki, Fransa Prezidenti Emmanuel Makron digər bəzi münaqişələrdə olduğu kimi, Ukraynada da "sülhün mümkün" olduğunu irəli sürərək, bir çox "diplomatik uğur" əldə etmiş vasitəçi, prezident imici yaratmağa çalışır. “Ambisiyaları olan biri, ancaq reallıqda bunlar əhəmiyyətli dərəcədə mübahisəlidir”, - deyə müəllif yazır.

“Fransa Prezidenti ötən ilin oktyabrında Romada dinlərin “Sülh üçün fəryad” sammitində və Birləşmiş Millətlər Təşkilatında “dünyanın bölünməsinə” qarşı çıxışından sonra ötən cümə günü keçirilmiş Paris Sülh Forumunda da xarici siyasət xəttini bir daha təkrarladı.

Fransanın Çin, Böyük Britaniya və Rusiyadakı keçmiş səfiri Silvi Berman AFP-yə açıqlamasında “O, vasitəçi rolu axtarır” deyə bildirib. Əlavə edib ki, "Makron razılaşma, kompromis axtarmağı xoşlayır". Bu, xüsusən ona görədir ki, iyun ayında qanunvericilik orqanına seçkilərdən sonra onun milli səhnədəki manevr imkanları azalıb. Paris forumu zamanı Makron Venesuelanı ağır siyasi vəziyyətdən çıxarmaq üçün Prezident Nikolas Maduronun düşərgəsi ilə onun opponentləri arasında zəifləyən dialoqu canlandırmağa çalışdı, lakin heç bir irəliləyiş elan olunmayıb. Prezidentin ətrafı tərəfindən də təsdiqləndiyi kimi, bu Makronun gündəmində olan məsələlərdən biridir”, - məqalədə deyilir.

Müəllif qeyd edir ki, oktyabrda Yelisey sarayında jurnalistlərin Ukraynadakı münaqişəyə həsr olunmuş toplantı təşkil olunub. Toplantının əvvəlində isə prezidentin müşaviri Fransa Prezidentinin “bir-birinin ardınca əldə etdiyi” “uğurlar” haqqında ətraflı danışıb və onun “rolunu” vurğulayıb.

Müəllif daha sonra yazır: “Konqo Demokratik Respublikası və Ruanda arasında gərginlikdən tutmuş, Bolqarıstan və Şimali Makedoniya arasında razılaşmaya, həmçinin, Fransa Prezidentinin İsrail-Livan anlaşmasını asanlaşdırmaq üçün “müdaxiləsinə” qədər verilən mesaj aydın idi: Emmanuel Makron sülhə töhfələr verir.

Bununla belə, Ruanda-Konqo münasibətlərindəki kəskin geriləmədən və ya Bakı və Moskvanın istəmədiyi vasitəçilik cəhdlərinə baxmayaraq, Parisin Ermənistanla Azərbaycan arasında müharibədə təşəbbüslərindən göründüyü kimi, bu “uğurlar” məhduddur” deyə regiondan olan diplomat bildirib.

Aydındır ki, Fransa Prezidenti öz səylərini bu ilin əvvəlindən Rusiyanın Ukraynada apardığı müharibəyə yönəldib. O, ABŞ prezidenti Co Baydenin başçılıq etdiyi digər Qərb liderlərinin bütün əlaqələri kəsdiyi rusiyalı həmkarı Vladimir Putinlə danışıqları davam etdirməyi öz “öhdəsinə götürüb”.

Lakin o, Avropa düşərgəsində, “bu günün düşməni ilə masa ətrafında danışıqlar yolu ilə sülh əldə etməy"in zəruriliyini vurğulayaraq, ancaq “Ukrayna xalqı və liderləri buna qərar verdikdə və qərar verdikləri şərtlərlə” deyə başqa bir fikir yürüdür.

Bu çağırışlar isə Ukraynanı çox narahat edib.

Silvie Berman Emmanuel Makronun “təslim olmamaqda haqlı olduğunu” söyləyib. O beynəlxalq müfəttişlərin münaqişədə təhlükə altında olan atom elektrik stansiyalarına çıxışı və ya taxıl ixracı kimi bəzi məsələlər üzrə dialoqun faydasını qeyd edərək əlavə edib ki, “kanal saxlamaq vacibdir və Putinlə danışmamalıyıq deyənlər məntiqsizdir”.

Bununla belə, keçmiş diplomat hesab edir ki, Fransa Prezidentinin missiyası “çox mürəkkəbdir”, xüsusən də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan “Makronun ən yaxşı dostu deyil” və effektiv vasitəçilik rolunu oynamaq üçün Ərdoğan daha uğurlu mövqedədir.

Montaigne Araşdırma İnstitutunun (liberal) xüsusi müşaviri Mişel Düklos isə “çox uzun müddət şəxsi münasibətlərinin və inandırmaq qabiliyyətinin Putini mövqeyini dəyişməyə sövq edəcəyinə inanan Makron haqqında daha sərt fikir söyləyir.

Keçmiş səfir əlavə edir: "Bu, şərəfli məsələdir, lakin analizdə səhvə yol verildiyi aydındır" və bu, Fransanı Polşa, Baltikyanı ölkələr və ABŞ kimi bir sıra Avropa müttəfiqlərinin etimadının azalmasına qarşı həssas edir.

Mişel Düklos hesab edir ki, Fransa Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının platformasında etdiyi kimi, “Şimal və Cənub arasında yeni müqavilə” üçün çağırış edəndə və dünyanı Rus “imperializmi”ni rədd etməyə çağıranda daha çox etibar qazanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR