Azərbaycan siyasətində yeni xətt - TƏHLİL

Azərbaycan siyasətində yeni xətt - TƏHLİL
  • Clock-gray 15:57
  • calendar-gray 05 Dekabr 2019

Azərbaycan siyasətində yeni xətt müşahidə edilir. Prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edib, onlara verdiyi tapşırıqlar ictimaiyyətin də diqqətinə çatdırılır. Görünən budur ki, ölkə başçısı yerli icra strukturlarının çevikliyini və dəqiq işləməsini təmin etməklə ümumi problemləri həll etmək istəyir.

Prezident İlham Əliyev Rüstəm Xəlilov və Vüqar Novruzovu Hacıqabul və Naftalan rayonlarının İcra Hakimiyyətinin başçıları təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib ki, kadr islahatları davam etdiriləcək: “Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də var. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət  məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz”.

Göründüyü kimi, ölkə rəhbəri idarəetmə sisteminin yalnız üst qurumunu yeniləmir, eyni zamanda, əhali ilə birbaşa təmasda olan yerli icra hakimiyyətlərinin işini yenidən qurur və sadə vətəndaşların probleminə məsuliyyət daşıyan yerli icra hakimiyyəti başçılarını daha məsuliyyətli olmağa çağırır, bu kursa zərər verənləri cəzalandıracağını bəyan edir.

Prezident Əliyevin icra hakimiyyəti başçıları qarşısında qoyduğu vəzifələrin fəlsəfəsi bundan ibarətdir - islahatlar yalnız o zaman dayanıqlı olur ki, dəyişiklik aşağıdan yuxarı bütün sistemi əhatə etsin.

Qeyd edək ki, bölgələrdə sosial narazılıqları daha çox yerli icra strukturlarının əhali ilə davranışlarının yaratdığı barədə mütəmadi olaraq sosial mediada da məlumatlar əksini tapıb. Prezident Əliyev yeni təyin edilmiş başçıları qəbul edərək, onlara verdiyi əsas mesaj məhz əhali ilə görüşlərin formal deyil, işgüzar xarakter daşıması, əhalinin problemlərinin həlli, məmur etikasına əməl etməklə bağlı olur.

Onu da xatırlatmaq yerinə düşər ki, bəzi rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Əliyevə edilən şikayətlərin yenidən, daha diqqətlə yoxlanılmasına çoxdan başlanılmışdı. Görünür, yoxlamalar zamanı sadə vətəndaşların şikayətlərində göstərilən faktlar təsdiqini tapıb, odur ki, narazılıqların əsas mənbəyi olan RİH başçılarının yeniləri ilə əvəzlənəcəyi qaçılmaz olacaq. Son təyinatlar da bunu bir daha sübuta yetirdi.

Vurğulayaq ki, bu amil yerli məmurları əhali ilə daha rasional davranışlara vadar edir.

Burada söhbət yalnız müasir tələblərə cavab verməyən başçılar vəzifəsindən kənarlaşdırmasından da getmir. Daha ciddi islahatlar ehtimalı yüksəkdir. Qeyd edək ki, islahatları təhlil etdikdə iqtisadiyyatı necə şaxələndirmək sualı barədə düşünmək lazım gəlir. Bu baxımdan, icra hakimiyyəti orqanlarının aparatının mobilləşdirilməsi, hətta regionlaşdırılması, bürokratik aparatın çevikləşdirilməsi də gündəmdədir.

Heç də təsadüfü deyil ki, Prezident Əliyev bələdiyyələrin fəaliyyətinin genişdirilməsi ilə bağlı da dəfələrlə konkret tələblərlə çıxış edib.

Ölkə rəhbərinin çıxışlarında daha bir xətt keçir – post-neft dövründə dövlət və idarəetmə xərclərini ciddi azaltmaq lazımdır, ancaq mobilliyi artırmaq üçün ciddi institusional və struktur islahatları aparılmalıdır. Belə institusional islahatlarla yanaşı, əhalinin etibar etdiyi kadrlar idarəetməyə cəlb edilməlidir. Ən azı ona görə ki, köhnə təfəkkürlü  kadrlarla bu islahatları aparmaq mümkün deyil, ölkə rəhbəri də son çıxışlarında bu məsələyə toxunub.

İlham Əliyevin son çıxışları onu deməyə əsas verir ki, rayon icra strukturlarında əsaslı dəyişikliklər baş verəcək. Ölkə başçısı açıq bəyan edir ki, bəzi başçılar rəhbərlik etdikləri rayonu istismara məruz qoyur, əhaliyə və sahibkarlara zülm edirlər. Prezident belə kadrlara mesajını vermiş oldu - onlar ciddi cəzalandırılacaqlar.

Bunu indidən də qəti şəkildə ehtimal etmək olar. Bəli, vətəndaşların problemlərini yerindəcə həll etmək istəməyən məmurlar ən ciddi şəkildə cəzalandırılacaq. Unutmaq olmaz ki, sosial şəbəkələrdə belə ölkə rəhbərindən narazılıq ifadə edilmir. Narazılığın başlıca hədəfi Prezidentin qərarlarını sabotajı edənlər - bəzi məmurlardır. İlham Əliyev addımları ilə onlarla vidalaşmağın zamanı çatdığını nümayiş etdirir. Bu məsələdə  vətəndaş cəmiyyəti də ölkə rəhbəri ilə eyni düşüncəyə malikdir.

Bir sözlə, Azərbaycanda gözlənilən ciddi islahat dalğasına sosial sifariş yaranıb. Yaxın  vaxtlarda ölkədə aparılan islahatlar bütövlükdə cəmiyyəti əhatə edəcək.

APA-Analytics

apa-logo-mini

Digər xəbərlər