Qlobal gücün yerdəyişməsi və Azərbaycan üçün fürsətlər - TƏHLİL

Qlobal gücün yerdəyişməsi və Azərbaycan üçün fürsətlər - TƏHLİL
  • Clock-gray 12:10
  • calendar-gray 28 Aprel 2020

Dünyanın güc balansı Qərbdən Şərqə doğru dəyişir? 2008-ci ildə ABŞ-da yaranan və qlobal miqyas alan maliyyə böhranından sonra analitiklər bu haqda tez-tez danışırlar. Texas A&M Universitetində Corc Buş Hökumət və Dövlət Qulluğu Məktəbinin Kəşfiyyat və Milli Təhlükəsizlik şöbəsinin rəhbəri Kristofer Layne hələ 2012-ci ildə “The National İnterest” nəşrində dərc olunan “Qlobal gücün Qərbdən Şərqə dəyişməsi” sərlövhəli məqaləsində ABŞ-ın dünya üzərindəki gücünün zəiflədiyini, bu gücün tədricən Şərqə - Çinə keçdiyini yazırdı. Beynəlxalq ekspertlər “Pax Amerika” dövrünün zəiflədiyi qənaətinə xüsusilə Çinin artan iqtisadi və hərbi gücü fonunda gəlirlər.

Oxford Universiteti tərəfindən nəşr olunan Çin Beynəlxalq Siyasət Jurnalının 2020-ci ilin birinci rüb buraxılışında Çinin yüksəlişi və güc balansının Şərqin xeyrinə dəyişməsindən bəhs edilir. Qlobal gücün yerdəyişməsi ilə bağlı irəli sürülən çoxsaylı fikirlər tarixin təbii axarı fonunda da - “Pax Roma” dövrünün sonu ilə Şərqin güclənməsi, ardınca “Pax Britaniya” ilə bərpa edilən və “Pax Amerika” ilə davam edən gücün əsrlər sonra yenidən Şərqə keçməsi - güclənir. Artıq dünyanın yenidən çoxqütblü idarəçilik sisteminə keçdiyinə və bu dəfə aparıcı faktorun Şərqdə meydana gəldiyinə dair kifayət qədər faktlar mövcuddur.

Qərbin qlobal gücünün zəiflədiyini göstərən iki fakt Azərbaycanın nümunəsində diqqət çəkir:

a) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün irəli sürülən Nabucco layihəsi ideyadan uzağa getmədi, əvəzində Azərbaycan Qərb tərəfdaşlarının dəstəyi ilə qitələrarası layihəyə - Cənub Qaz Dəhlizi – imza atmağı bacardı.

b) TRACECA layihəsində Avropanı Asiya ilə birləşdirəcək ideyanı məhz Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə gerçəyə çevirdi.
Bu iki amil Qərbdə qlobal güc balansını əlində saxlamaq üçün vacib olan enerjinin tükəndiyi fikrini ön plana çıxarır.

Proseslərin inkişafı, “Pax Amerika”nın üzləşdiyi çətinliklər və Çinin qlobal güc olmaq yolunda addımları üfüqdə Şərqin gücləndiyi perspektivini aydın göstərir. Beynəlxalq ekspertlər Çinin yüksəlişinə Amerikanın çöküşü fonunda baxırlar, yaxud əksinə. Hər iki halda dünyanın artıq bir qütbdən - Qərbdən ibarət olmadığı, əksinə Şərqin güc balansını üstələdiyi görünür və yeni dövrün əsas oyunçusu rolunda Çinin çıxış edəcəyi proqnozlaşdırılır.
Çin hazırda dünyanın aparıcı istehsal ölkəsidir; Hərbi gücü sürətlə yüksəlir - 2025-ci ilə qədər müdafiə xərclərinin ABŞ-la bərabərləşəcəyi gözlənilir; Dolların yuanla əvəzlənməsi istiqamətində addımlar atır; ABŞ-ın qlobal maliyyə sistemindəki əsas rıçaqlarına alternativ olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını, eləcə də Yeni İnkişaf Bankını yaratdı; ABŞ ittifaqlarına qarşı Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi ittifaqları genişləndirməkdədir;
Şərqin yenidən yüksəlişi fonunda əsas güc mərkəzi kimi çıxış edən Çinin dünyanın gələcək 50 illik iqtisadi, həm də geosiyasi xəritəsini müəyyənləşdirəcək “Bir kəmər bir yol” (BRİ) layihəsi xüsusilə diqqət çəkir. Quru, dəmir, dəniz və hava yollarını, o cümlədən, enerji xətlərini özündə birləşdirən BRİ qlobal gücün Şərqə keçməsini tamamlayacaq əsas layihə hesab olunur. Beləliklə, Qərb qlobal layihələri kağız üzərində müzakirəyə çıxardığı vaxt, Şərq artıq böyük yol qət edir və BRİ bunun ən bariz nümunəsidir.

Dəniz və quru olmaqla iki istiqaməti və altı marşrutu özündə birləşdirən, əsas hədəfi Pekindən Londona qədər nəqliyyat şəbəkəsinin qurulması olan BRİ-nin son xəritəsi Çinin bu qlobal layihəni quru dəhlizləri üzərindən həyata keçirməyə üstünlük verdiyini təsdiqləyir. Burada Çinin tarix boyu əsas ixrac və idxal yollarının keçdiyi dəniz istiqamətində ABŞ-ın yaratdığı maneələrə alternativ yolun seçilməsi ilə yanaşı, həm də Avrasiya ölkələrinin BRİ ətrafında birləşməsi və Pekinin qlobal güc olaraq formalaşması planları həlledici amildir.

Qazaxıstandan keçməklə Rusiya üzərindən Avropaya çıxış - Şimal dəhlizi;
Mərkəzi Asiyadan keçməklə İran üzərindən Türkiyə vasitəsilə Avropaya çıxış - Cənub dəhlizi;

BRİ-nin hazırda bu iki dəhliz üzərindən həyata keçirilməsi planlaşdırılır. Və burada Azərbaycanın qlobal layihədə mövcud şanslarına təhlükənin yarandığı perspektivi ortaya çıxır. Layihədə Azərbaycan (Bakı-Tbilisi-Qars dəmir yolu xətti) əlavə marşrut olaraq yer alır. Hərçənd, öncə Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya çıxış - Orta dəhliz - daha aktual idi.

Çinin şimal və cənub dəhlizlərini ön plana çıxarması geosiyasi proseslərdən qaynaqlanır:

- Əsas marşrutun orta dəhliz üzərindən keçməsi Rusiyanın bu xətt üzrə yerləşən ölkələrə təzyiqinə və layihənin ciddi maneələrlə üzləşməsinə səbəb ola, eyni zamanda, layihədən kənar qalan Moskvanın Vaşinqtonla birgə Pekinə qarşı çıxması təhlükəsini artıra, beləliklə, BRİ-nin Avrasiyada toqquşmalara yol açmasına gətirib çıxara bilər, halbuki, Çin bu layihədə məhz qlobal sabitlik prinsipini əsas tutur.

- Çinin İran üzərindən keçəcək cənub dəhlizinə önəm verməsinin məqsədi isə ABŞ-ın Yaxın Şərqdə xəritələri dəyişəcək planının önünü kəsməkdir. ABŞ-ın İranla bağlı, ümumilikdə Yaxın Şərq planları həm də Çinin qlobal güc olmaq yolunu kəsməyə hesablanıb. İran hazırda Çinin neft ehtiyacını ödəyən mənbələrdən biridir və Pekin İraq neftini də idxal etmək istəyir. Çinin enerji ehtiyacını ödəyən mənbələrin azalması istehsal gücünün zəifləməsi, beləliklə, iqtisadi böyümənin qarşısının alınması deməkdir. Bu baxımdan, BRİ-nin cənub dəhlizi Pekin üçün həyati əhəmiyyət daşıyır.
Bu mənzərə BRİ-nin orta dəhlizini arxa plana keçirir və layihənin son xəritəsində olduğu kimi, Azərbaycan əlavə marşrut mövqeyində yer alır. Burada Azərbaycanın maraqları kontekstində yaranan əsas sual belədir: baş verən qlobal dəyişikliklərin axarına uyğun olaraq, BRİ-də iştirakçılıq payımızı necə artıra bilərik?

Azərbaycan paralel şəkildə iki istiqamət üzrə strategiya qura bilər:

Birincisi, BRİ çərçivəsində istehsal müəssisələrinin yaradılmasıdır. Lakin burada strategiya düzgün seçilməlidir. Çinin BRİ-yə daxil olan ölkələrdə istehsal kombinatlarının qurulması planı var. Bu, bir tərəfdən Çin xammalının Avropa bazarına daha yaxın ölkələrdə istehsal edilməsi və çatdırılma müddətinin qısaldılmasına, digər tərəfdən, layihədə iştirak edən ölkələrdə investisiya yolu ilə Pekinin təsirinin güclənməsinə hesablanıb. Qazaxıstanda 120-ə qədər istehsalat kombinatının yaradılması Çinin bu planın tətbiqinə başladığını göstərir. Lakin Qazaxıstan nümunəsi Azərbaycan üçün sərfəli deyil. Çünki istehsalat prosesində ən böyük problem tullantıların axıdılmasıdır ki, geniş əraziyə malik olan Qazaxıstan belə imkanlara sahibdir. Bu nümunənin Azərbaycanda tətbiqi, xüsusilə ağır metallurgiya sənayesi ətraf mühitin çirklənməsinə səbəb olacaq, amma, şansı əldən verməmək üçün biz daha az tullantısı olan istehsal sahələri ilə bağlı təkliflər irəli sürə, daha çox yüngül sənaye istehsalına üstünlük verə bilərik.

İkincisi, Azərbaycan Avropaya daşımalarda yarana biləcək böhranlarda xilasedici rolu üzərinə götürə bilər. Belə böhranın yarana biləcəyi labüddür, çünki BRİ-nin şimal dəhlizində (Rusiya) və cənub dəhlizində (İran) ABŞ-la qarşıdurma davam edir. Bu baxımdan, şimal və cənub dəhlizlərindən malların daşınmasına maneələrin yaranması, gecikmələrin baş verməsi qaçılmaz olacaq. Bu problemin aradan qaldırılmasının çıxış yolu şimal və cənub dəhlizi üzrə daşınacaq malların Azərbaycana gətirilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyəyə, oradan da Avropa bazarına çıxarılmasıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bu kontekstdə olduqca əhəmiyyətlidir. Azərbaycanın nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsinin tikintisi üçün 500 milyon dollar güzəştli kredit ayırması, Azərbaycan və İranın dəmir yollarını birləşdirəcək Astara (Azərbaycan)-Astara (İran) 8,7 kilometrlik dəmir yolu körpüsünü inşa edərək, istismara verməsi strateji addımdır. Bu prosesin davamı olaraq, Azərbaycan BRİ-də rolunu artırmaq üçün Şimal-Cənub nəqliyyat dəhlizinə prioritet istiqamət olaraq xüsusi önəm verməlidir. Orta dəhlizin aktuallaşa biləcəyi ehtimalını nəzərə alsaq, Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsi də alternativ yollardan biri kimi nəzərdən keçirilməlidir.

 

Bilgin

apa-logo-mini

Digər xəbərlər