İdlib düyünü: Növbəti böhran yaşanır - TƏHLİL

İdlib düyünü: Növbəti böhran yaşanır - TƏHLİL
# 02 oktyabr 2019 14:20 (UTC +04:00)

İdlib məsələsində növbəti böhran yaşanır. Hər halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinin oktyabrın 1-də keçirilən açılış iclasında çıxışından belə nəticə hasil olur. Ərdoğan çıxışında bildirdi ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılmasına dair arzu olunan nəticələrin heç birini əldə etmək mümkün olmayıb.

"Təəssüf ki, Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılmasına dair arzu etdiyimiz nəticələrin heç birini əldə edə bilmədik. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmayıb. Türkiyə bir gün belə, itirə bilməz" deyən Ərdoğan bununla Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair razılığa gəlinmədiyinə işarə vurub.

Bu yerdə xatırladaq ki, Türkiyə Prezidenti daha əvvəl Suriyada təhlükəsizlik bölgəsinin yaradılmasına dair ABŞ-la aparılan danışıqların real nəticə verməyəcəyi təqdirdə öz planlarını işə salacağını söyləmişdi. Sentyabrın 28-də isə Nyu-Yorkda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirmişdi ki, rəsmi Ankaranın Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq arzusu anlaşılandır. "Çünki ABŞ-ın nəzarətində olan Suriya regionundan terrorçuların axınına səbəb olan çətinliklər meydana gəlib", - deyə Lavrov qeyd etmişdi. Rusiyalı nazirin sözlərinə görə, Moskva üçün də Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsi önəm daşıyır. Çünki söhbət bu ölkənin ərazi bütövlüyü və suverenliyindən gedir. Lavrov vurğulamışdı ki, amerikalılar regionda kürdlərdən istifadə edir və yerli özünüidarə orqanlarının yaradılması ilə bağlı konkret addımlar atılır.

Beləliklə, Ankara Fərat çayı sahilində təhlükəsizlik buferinin yaradılmasında nə qədər israrlı olsa da, ABŞ bu prosesdə iştirakda bir o qədər həvəssis və istəksiz görünür. Türkiyə PKK-PYD terroru təhlükəsini aradan qaldırmaq istəyir. Ankara 2015-2016-cıillər ərazində ölkənin cənub şərq hissəsində anti-terror əməliyyatları nəticəsində PKK terror təşkilatına ciddi zərbələr vura bildi. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorunun kökünün məhz terrorun istehsal olunduğu yerdəcə kəsəcəklərini bəyan etdi. Afrin əməliyyatı zamanı PKK-nın əsas bazalarından birinin məhz bu ərazilərdə olduğu açıq şəkildə üzə çıxmışdı. Digər tərəfdən, Fərat çayı sahilində keçirilən əməliyyatların əsas səbəblərindən biri bəzi Qərb ölkələrinin Suriyanın şimalında, Türkiyə sərhədlərində “kürd dövləti” qurmaq cəhdi ilə bağlıdır. Heç də təsadüfü deyil ki, İŞİD Türkiyə sərhədlərində ələ keçirdiyi əraziləri PKK/PYD terrorçularına kiçik qarşıdurmalarla təslim etdi. Bölgənin tamamilə PKK/PYD-yə “bağışlandığını” anlayan Ankara “Fərat Qalxanı” kod adlı əməliyyat keçirdi. Cerablus, əl-Bab kimi şəhərlər İŞİD-dən təmizləndi. Türk ordusu Mənbicə girməyə hazırlaşarkən isə məlum oldu ki, ABŞ hərbi birləşmələri PKK/PYD terrorçularını mühafizə etmək üçün bu şəhərdə baza qurub. Hərçənd, türk əsgərinin Mənbicə girməsinə maneə törədilməyəcəyi haqda ABŞ-la öncədən razılaşma var idi.

Növbəti mərhələdə ABŞ-ın PKK/PYD terrorçularına hərbi, silah-sursat yardımı etməsi artan sürətlə davam etdi. Təbii ki, Ankara xarici güclərin etirazlarına baxmayaraq, məhz Suriyanın şimalında PKK üçün “müstəqil dövlət” qurulmasına seyrçi qala bilməzdi. Türkiyə üçün Suriya siyasəti önəmlidir, çünki Suriya ilə qonşudur və iki ölkə arasında uzun sərhəd mövcuddur. İkincisi, Türkiyə 5 milyon suriyalı qaçqına sığınacaq verib. Türkiyə Əsəd rejiminə qarşı Suriya müxalifətinin ən böyük dəstəkçisidir, bu məsələdə mühüm söz sahibidir. Məhz bu səbəbdəndir ki, istər Soçi, istərsə də Astana danışıqlarının Türkiyə əsas iştirakçısı olub.

Suriyada böyük ölçüdə atəşkəsin təmin olunması da məhz Türkiyə ilə Rusiyanın razılaşması nəticəsində baş tutub. Lakin Türkiyə bölgədə nüfuzunu daha da gücləndirmək, təhlükəsizliyini təminat altına almaq istəyir. Bu səbəbdən də PKK/PYD terrorçularına qarşı əməliyyatlar keçirir. Eyni zamanda, Türkiyə terrordan azad etdiyi bölgələrdə dəstəklədiyi müxalif qüvvələri yerləşdirir ki, bu da həmin qüvvələrin Əsəd rejimi qarşısında gücünü artırır.

Təbii ki, Türkiyə dəstəklədiyi qüvvələrin masada Əsəd rejimi ilə ən azı bərabər güc şəkilində oturmasında maraqlıdır. Türkiyənin israr etdiyi təhlükəsizlik mühiti regionda sabitlik və əmin-amanlığın qorunmasını və davam etməsini tələb edir. Lakin Suriyada davam edən savaş Türkiyənin iqtisadi inkişafı qarşısında ciddi problemlər yarada bilər. Silah ticarəti ilə məşğul olan bəzi ölkələr müharibələrə əlavə gəlir mənbəyi kimi baxır. Burada diqqət yetirilməli olan bir məsələ də dövlətlərin müdafiə sənayesinin necə inkişaf etməsidir. Demək olar ki, bütün silah ehtiyacını özü təmin edən ABŞ üçün Suriyaya hərbi müdaxilə onun silah arsenalının yenilənməsi və iqtisadiyyatının canlanmasına təkan verə bilər. Lakin müdafiə sənayesi ABŞ-dakı qədər güclü olmayan Türkiyə kimi dövlətlərin Suriyadakı savaşa cəlb edilməsi ölkə iqtisadiyyatını daha da zəiflədir. Bu baxımdan, Ankara Suriyada savaşın tezliklə bitməsində maraqlıdır, lakin sərhədlərində təhlükəni də aradan qaldırmaq istəyir. ABŞ-ın təhlükəsiz zona məsələsində birmənalı mövqe ortaya qoymaması isə vəziyyəti çətinləşdirir. Qeyri-müəyyənlik davam etdikcə, bölgənin taleyi, o cümlədən Türkiyənin təhlükəsizliyi təhdid altına düşür. ABŞ-ın bu mövqeni davam etdirəcəyi halda, Ankaranın düşdüyü durumdan necə çıxacağı, ümumiyyətlə çıxa biləcəyi çox ciddi sual kimi durur.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR