FHN-in təşkilatçılığı ilə mina təhlükəsizliyi mövzusunda seminar keçirilib - FOTO

"Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda seminar

© APA | "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda seminar

# 27 dekabr 2021 11:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə jurnalistlər üçün "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda seminar keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Media İnkişaf Agentliyinin şöbə müdiri, Əməkdar jurnalist Natiq Məmmədli bildirib ki, medianın əsas fəaliyyət istiqamətlərindən biri vətəndaşlarla geniş maarifləndirmə işləri aparılmasıdır.

Şöbə müdiri minalarla bağlı məsələnin hər zaman aktual olduğunu vurğulayıb: “Bununla əlaqədar vətəndaşlarla maarifləndirmə işləri davam etməlidir. Sosial şəbəkələrdə və informasiya resurslarında bu təbdirlər peşəkarcasına işlənərək vətəndaşlara təqdim edilməlidir. Biz media olaraq öz üzərimizə düşən işləri görməliyik".
N.Məmmədli qeyd edib ki, vətəndaşların işğaldan azad olunan ərazilərə qanunsuz səfərləri davam edir: "Bu işdə dövlət qurumları tərəfindən işlər aparır. Lakin bəzi vətəndaşlar yenə xəbərdarlıqlara baxmayaraq ərazilərə qanunsuz səfər edirlər. Buna görə də vətəndaşların minaya düşmə halları barədə eşidirik. Bu səbəbdən vətəndaşlarla maarifləndirmə tədbirləri mütəmadi davam etməlidir".

Şöbə müdiri deyib ki, Ermənistanın təqdim etdiyi mina xəritələrində qeyri-dəqiq koordinatlar var: "Bizim iki dəyərli həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov öz peşə fəaliyyətlərini yerinə yetirən zaman minaya düşərək şəhid oldular. Onlar da informasiya yolunda canlarını qurban verdilər. Bu cür halların olmaması üçün biz artıq media nümayəndələrinə də kurslar, təlimlər təşkil etmişik".
FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva qeyd edib ki, minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsi vacib məsələdir: "Minanın nə olduğu, partlamamış sursatların insana nə kimi zərəri olmasını bu seminarda aydınlaşdıracağıq. Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunan, təmizlənmiş yollardan istifadə etməyə çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız da az deyil. Bir daha xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər".

UNEC Tədqiqat Fondunun Media və dövlət qurumları ilə iş üzrə departament rəhbəri Ellada Əliyeva da çıxış edərək vətəndaşları mina təhlükəsi barədə maariflənməyə dəvət edib.

Tədbir məruzələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR