Biləsuvarda yeni su təmizləyici qurğu istifadəyə verilib

Biləsuvarda yeni su təmizləyici qurğu istifadəyə verilib
# 03 dekabr 2008 00:33 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev-APA. Biləsuvar rayonunun Təzəkənd kənd əhalisini içməli su ilə təmin etmək məqsədi ilə bu ilin oktyabr ayından tikintisinə başlanılan “Osmos” texnologiyalı yeni su təmizləyici qurğu bu gün işə salınıb. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, 1540 nəfər sakini olan kənd 11 bulaq vasitəsi ilə gün ərzində 30 kubmetr təmizlənmiş içməli sudan istifadə edəcək. Çıxışı zamanı H. Bağırov qeyd edib ki, 2007-ci ildən bəri ölkənin Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 60-a yaxın yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunub. Nazirin sözlərinə görə, hazırda 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. İlin sonuna kimi isə Biləsuvarda daha 2 su təmizləyici qurğunun istifadəyə verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR