Masno Gintinq: “Dekabrda keçiriləcək Beynəlxalq Elm Olimpiadasından sonra Azərbaycan bütün dünyada daha çox tanınacaq”

Masno Gintinq: “Dekabrda keçiriləcək Beynəlxalq Elm Olimpiadasından sonra Azərbaycan bütün dünyada daha çox tanınacaq”
# 03 aprel 2009 09:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2009-cu ilin dekabrında Bakıda keçiriləcək yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasında ən azı 51 ölkənin təmsilçisi iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Elm Olimpiadasına hazırlıqla bağlı aparılan işlərlə tanış olmaq üçün Azərbaycana səfər edən olimpiadanın prezidenti Masno Gintinq keçirdiyi brifinqdə deyib. M. Gintinq bildirib ki, yarışlar həm fərdi, həm də komanda şəklində həyata keçiriləcək: “Ümid edirəm ki, bu olimpiadadan sonra gənclərin elmə olan marağı daha da artacaq. Heç bir ölkə güclü elmə sahib olmadan inkişaf edə bilməz. Müşahidələrimə əsasən, Azərbaycanda da çox ağıllı gənclər var. İnanıram ki, Beynəlxalq Elm Olimpiadası Azərbaycanın inkişafında böyük rol oyanacaq. Mən çox şadam ki, Azərbaycan belə əhəmiyyətli tədbirə ev sahibliyi edir”.

M. Gintinq qeyd edib ki, Azərbaycana gəlməzdən öncə ölkəmizlə bağlı çox az məlumata sahib olub. Lakin Bakıya gələrkən həddən artıq təəccüblənib: “Mən sanki bir Avropa ölkəsinə gəlmişəm. Olimpiadaya hazırlıqla bağlı aparılan işlərdən çox məmnunam. Sizi əmin edirəm ki, dekabrda keçiriləcək olimpiadadan sonra Azərbaycan bütün dünyada – Afrikadan tutmuş Amerikaya qədər daha çox tanınacaq. İştirakçıların hamısının 15 yaşı olacaq. Onların həyat yolu hələ qabaqdadır. Buna görə də ümid edirəm ki, Azərbaycan onların həmişə yaddaşında qalacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR