Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb
# 17 aprel 2009 14:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprelin I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən azalaraq 267 m3/san təşkil edib ki, bu da on günlük normanın 99,3 faizi deməkdir. Gürcüstan və Ermənistan ərazilərində təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kürdə biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb.

Araz çayında suyun sərfi isə 9,24 m3/san olaraq on günlük normanın 5,3 faizini təşkil edib. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 4, fenollar 2, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3 dəfə normanı ötüb. Həmin məntəqədə fenollar norma daxilində olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR