Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı yeni dövlət proqramı layihəsi hazırlanıb

Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı yeni dövlət proqramı layihəsi hazırlanıb
# 21 aprel 2009 11:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əlillərin hüquqlarının beynəlxalq standartlar səviyyəsində təmin olunması üçün 2009-2012-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanıb. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov deyib. O bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Əlillərin Beynəlxalq Hüquqları Haqqında Konvensiyasının fakültativ protokolunu ötən ilin sonlarında Milli Məclisdə ratifikasiya edib və ölkə prezidenti tərəfindən bununla bağlı müvafiq qərar qəbul olunub. Həmin qərara əsasən əlillərin sosial müdafiəsi beynəlxalq standartlara tam uyğun olmalıdır. İ. Heydərov ölkə prezidentinin xüsusi tapşırığı ilə hazırlanan dövlət proqramı layihəsinin yaxın zamanlarda müzakirəyə çıxarılacağını söyləyib. Proqramda əlillərin müalicəsi, məşğulluğu, sosial problemlərinin həlli, müvafiq vergi güzəştlərinin tətbiqi, əlillərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, istedadlı əlillərin aşkara çıxarılması və onların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, əlillərin idmanla yaxından məşğul olması və olimpiadalarda təmsil olunması, əlillərin üçün idman-sağlamlı mərkəzlərinin tikintisi, iri şəhərlərdə əlillərin sərgilərinin təşkil edilməsi və s. tədbirlər öz əksini tapacaq.

İ. Heydərov əlillik dərəcələrinin verilməsi ilə bağlı yeni meyarların da proqramda əksini tapacağını açıqlayıb: “Elə əlillər var ki, onlara əmək qabiliyyətsiz demək olmaz. Hazırda fiziki qüsuru, yaxud daxili orqanlarında hər hansı zədəsi olan insan zehni işlə məşğul ola bilməz. İndi isə həmin insanların əlillik dərəcəsini müəyyən edən sənəddə qeyd olunacaq ki, onlar xüsusiləşmiş iş şəraitində əməklə məşğul ola bilərlər. İkinci və üçüncü qrup əlillər arasında işləmək arzusunda olanlar çoxdur. İndiki halda isə işə daxil olmaq üçün müraciət etdikdə bu insanlara deyirlər ki, sizi işə götürməyə ixtiyarımız yoxdur, çünki əlillik dərəcəsini müəyyən edən sənədin arxasında “əmək qabiliyyətsizdir” yazılıb. Yeni standartların tətbiqi zamanı bu problem aradan qaldırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR