Azərbaycanda rəsmi qeydiyyatda 1944 HİV/AİDS xəstəsi var

Azərbaycanda rəsmi qeydiyyatda 1944 HİV/AİDS xəstəsi var
# 21 aprel 2009 12:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin birinci rübünün sonuna olan məlumata əsasən Azərbaycanda 1944 nəfər HİV/AİDS xəstəsi rəsmi qeydiyyata alınıb. Onlardan 1869-u Azərbaycan vətəndaşı, 75-i isə əcnəbidir. Ölkə vətəndaşları olan xəstələrin 84,3 faizini kişilər, 15,7 faizini isə qadınlar təşkil edir. Azərbaycanda bu xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 251 nəfərə çatıb. Bu ilin birinci rübü ərzində Azərbaycanda 129 HİV-ə yoluxma faktı aşkar edilib. APA-nın xəbərinə görə, bu məlumatlar Ombudsman Aparatının BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiyadakı nümayəndəliyi ilə birgə “İnsan hüquqları və HİV/AİDS-in qarşısının alınması” mövzusunda keçirdiyi konfransda bildirilib. Ombudsman Elmira Süleymanova son vaxtlar Azərbaycanda HİV-ə yoluxmuş şəxslərin sayının artdığını və xəstəliyin getdikcə gəncləşdiyini deyib. O qeyd edib ki, HİV-ə tutulmuş anaların dünyaya gətirdiyi uşaqların da virusa yoluxması səbəbindən xəstəlik uşaq bağçalarına və məktəblərə ayaq açır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin regional koordinatoru Nina Kərimi isə hazırda dünyada milyonlarla insanın narkotik asılılıqdan əziyyət çəkdiyini söyləyib. Narkomaniyaya qarşı mübarizə üzrə ardıcıl və daha səmərəli tədbirlərin keçirilməsinin zəruri olduğunu vurğulayan N. Kəriminin sözlərinə görə, dünya dövlətləri bu xəstəliyə tutulmuş insanların müayinə və müalicəsinin təşkili sahəsində məsuliyyət daşıyır.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli isə bildirib ki, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması haqqında” qanuna əlavələr və dəyişikliklər ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR