“Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabının təqdimat mərasimi keçirilib

“Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabının təqdimat mərasimi keçirilib
# 22 aprel 2009 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova – Tohidinin Milli Təhlükəsizlik Nazirliyinin maliyyə dəstəyi ilə çap etdirdiyi “Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən İnstitutun direktoru Gövhər Baxşəliyeva bildirib ki, 1918-ci ilin martından sentyabrınadək erməni daşnakları Bakıda və Azərbaycanın müxtəlif rayonlarında soyqırımı həyata keçiriblər. Bu hadisələrlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası yaratdığını deyən G. Baxşəliyeva bildirib ki, il yarım ərzində sözügedən komissiya külli miqdarda sənəd toplayıb: “Bu kitabda həmin sənədlərin yalnız bir qismi - Bakıda törədilən qırğınlar öz əksini tapıb. Təkcə Bakıda ermənilər 12 mindən çox dinc sakini qətlə yetirmişdilər, Bakı tamam talan olunmuşdu”. İnstitut direktorunun sözlərinə görə, rus dilində çap olunan kitabın ingilis və digər dillərə də tərcümə edilərək dünya ölkələrinə çatdırılması lazımdır.
Kitabın müəllifi S. Rüstəmova -Tohidi isə bildirib ki, kitabda Bakının 1913-cü il xəritəsi və soyqırımın törədildiyi ərazilər, məhəllələr dəqiq göstərilib. Hazırda Xarici İşlər və Milli Təhlükəsizlik Nazirlikləri vasitəsilə kitabın dünya ölkələrinə çatdırılması istiqamətində işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR