Kürdəmirdə 70-ə yaxın evi sel basıb

Kürdəmirdə 70-ə yaxın evi sel basıb
# 20 noyabr 2009 13:27 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Ötən 3 gün ərzində güclü yağış nəticəsində Kürdəmir şəhərində və ona birləşik Aran yaşayış massivində, Atakişili və Xırdapay kəndlərində 70-ə yaxın fərdi yaşayış evini, həyətyanı sahəni və bir neçə dövlət müəssisəsini su basıb. APA-nın yerli bürosunun xəbərinə görə leysan yağışları nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı, M.Ə.Sabir, İ.Məmmədov küçələrində və Aran yaşayış massivində yerləşən 40 fərdi yaşayış evinə dolub, mənzillərin zirzəmisi və həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Bir çox evlər küçələrə nisbətən təxminən 70-80 sm çökəkdə yerləşdiyi üçün daha çox həmin əraziləri sel suları basıb. Həmçinin, Kürdəmir şəhərindəki Qaz İstismar İdarəsi və uşaq-musiqi məktəbinin otaqlarına və həyətyanı sahəsinə də yağış suları dolub. Atakişili və Xırdapay kəndlərində 30-a yaxın evin həyətini su basıb, yolları, əkin sahələrini lil örtüb.

Dünən axşam saatlarında yağış dayanıb və əraziyə Kürdəmir rayon Su-Kanal İdarəsinin və Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Rayon Fövqəladə Hallar Komissiyanın nümayəndələri yağış sularının ziyan vurduğu yerlərdə olublar.
Rayon su-kanal idarəsinin müdiri Tariyel Kərimov APA-nın yerli bürosuna bildirib ki, Kürdəmir şəhərini əhatə edən kanalizasiya sistemi demək olar ki, istismar müddətini başa vurub: “Kanalizasiya sistemi əhalinin bugünkü sayına hesablanmayıb. Ona görə də köhnə xətlər tullantılar və çirkab suları ilə dolub və vaxtından əvvəl istismara yararsız vəziyyətə düşüb”. İdarə müdiri bildirib ki, hər il payız-qış aylarında yağış yağan zaman Kürdəmir şəhərində və ona birləşik kəndlərdə su yığıntıları ilə bağlı bu cür problemlər olur. O, problemin tam həllinin yalnız 2010-2011-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan “Kürdəmir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi”nin icrasından sonra mümkün olacağını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR