Fevraldan Azərbaycan pensiyaların minimum məbləğinə görə Rusiyanı qabaqlayacaq

Fevraldan Azərbaycan pensiyaların minimum məbləğinə görə Rusiyanı qabaqlayacaq
# 31 yanvar 2007 15:34 (UTC +04:00)
Fevraldan Azərbaycan pensiyaların minimum məbləğinin artırılması hesabına MDB məkanında Rusiyanı da qabaqlayacaq. APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, fevralın 1-dən pensiyaların minimum məbləği 57,5 dollara çatacaq. Rusiyada isə bu rəqəm 55,6 dollardır.
S.Müslümov bildirib ki, pensiyaların baza hissəsinin 40 manatdan 50 manata qaldırılması 1 milyon 189 min nəfər əmək pensiyaçısının təqribən 1 milyon 181 nəfərini əhatə edir. Qalan 8 min pensiyaçının pensiyası isə dövlət başçısının digər sərəncamı ilə, yəni dövlət qulluğunda olan şəxslərin əmək haqlarının 25% artırılması hesabına 25% artırılacaq: “Dövlət qulluqçusu kimi pensiya alanların pensiyaları bilavasitə dövlət qulluğundakı vəzifələrinin əmək haqlarına bağlıdır. Əgər həmin əmək haqqı 25% artırsa, avtomatik olaraq, onların da pensiyaları 25% artırılır. Deməli, 1 milyon 189 min nəfərin hamısının pensiyasında artım olacaq. Lakin bunun 8 minin pensiyası dövlət qulluqçusu kimi 25%, digər 1 milyon 181 min nəfərin isə pensiyasında artımlar bir qədər çox olacaq. Çünki onlardan təqribən 200 min nəfər güzəştli kateqoriyaya aiddir”.
Fondun sədri həmçinin qeyd edib ki, güzəştli kateqoriya qrupuna daxil olanların 17 min 289 nəfəri şəhid ailəsidir. Fevralın 1-dən şəhid ailəsinin hər bir üzvü üçün artımlar 10 manat deyil, 18 manat təşkil edəcək, milli qəhrəmanların ailə üzvləri üçün isə artımlar 20 manat olacaq. Həmçinin, 16 min 500 nəfər birinci qrup gözdən əlillər üçün pensiyalar 21 manat, 14 min 210 nəfər birinci qrup ümumi xəstəlikdən əlillər üçün 13 manat, 2 min 89 nəfər siyasi repressiyaya məruz qalıb sonradan bəraət alanlar üçün 11 manat, 6 min 199 nəfər müharibə iştirakçısı üçün 11 manat artacaq”. Ümumilikdə isə fevralda DSMF bu artımların maliyyələşdirilməsinə 12,2 mln. manat əlavə vəsait yönəldəcək.
S.Müslümovun sözlərinə görə, dövlət başçısının digər sərəncamı ilə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi də həyata keçiriləcək: “Azərbaycanda ilk dəfə istehlak qiymətinin indeksinə uyğun olaraq, hansısa bir elementin, konkret olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılır. Bu, təqribən 516 min nəfərdən çox insanı əhatə edəcək. Bu məqsədlə Fond 714 min manat vəsait ayıracaq. Ümumilikdə, hər ay əlavə olaraq DSMF-nın büdcəsindən bu məqsədlərə 13 mln. manata yaxın vəsait yönəldiləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR