Rusiya sərhədçilərinin yaratdığı problemlər Şimal bölgəsinin fermerlərinə ciddi ziyan vurur

Rusiya sərhədçilərinin yaratdığı problemlər Şimal bölgəsinin fermerlərinə ciddi ziyan vurur
# 07 noyabr 2007 13:39 (UTC +04:00)
Bölgə fermerləri ötən illə müqayisədə bol meyvə istehsal etsələr də, satış bazarının olmaması ucbatından ciddi çətinliklərlə üzləşiblər. Quba rayon sakini Araz Kərimovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, Rusiya sərhədçilərinin ölkəyə məhsul ixracına ən müxtəlif maneələr yaratması fermerlərə ciddi ziyan vurur: “Yaraq-Qazmalar səhər-keçid məntəqəsində maşınlar günlərlə növbəyə durur. Ruslar müxtəlif bəhanələrlə yüklərin buraxılmasını ləngidirlər. Tez xarab olan alma məhsulları bəzi hallarda elə sərhəd məntəqəsinin önündə sıradan çıxır”. Quba rayon sakininin sözlərinə görə, bu il Rusiya bazarlarına Çin və başqa ölkələrdən xeyli alma məhsulu gətirilib: “Çinli fermerlər mallarını ucuz qiymətə satırlar. Bu da istər-istəməz xeyli xərc çəkib məhsul ərsəyə gətirən Azərbaycan meyvəçilərinə böyük zərbə vurur”. Eyni problemlə Xaçmaz rayonunun Ağyazı kənd sakinləri də üzləşiblər. Kənd sakinlərinin bildirdiklərinə görə, yığılan alma yalnız daxili bazara çıxarılır. Fermerlər almanı maya dəyərindən aşağı satmağa məcbur olurlar. Quba rayon icra hakimiyyəti başçısının müavini Yusif Abidov APA-nın Şimal bürosuna verdiyi açıqlamada bu faktları təsdiqləyib. O, problemlərin həlli üçün görülən tədbirlərdən danışarkən qeyd edib ki, məhsul itkisinə yol verilməməsi meyvə paytaxt yarmarkalarına göndərilir: “İcra hakimiyyəti tərəfindən fermerlərə Bakı bazarlarında maneəsiz meyvə satmaq üçün arayışlar verilir. Dərman preparatları həddindən artıq baha olduğu üçün məhsulun maya dəyəri də qalxır. Digər xərclər də nəzərə alınsa, nəticədə fermerlər uduzurlar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR