Ağalı sakinləri: Sevincimizin həddi-hüdudu yoxdur

Ağalı sakinləri: Sevincimizin həddi-hüdudu yoxdur
# 19 iyul 2022 17:43 (UTC +04:00)

“Sevincimizin həddi-hüdudu yoxdur”.

Bunu APA-ya Zəngilanın Ağalı kənd sakini Minə Mirzəyeva deyib.

“Bu gün biz öz Vətən torpağımıza ayaq qoymuşuq. Çox itkilərimiz olub, şəhidlərimiz olub. Öz yaxınlarımızı, əzizlərimizi itirmişik. Amma yenə də sevinirik. Bura 9 nəfər ailə üzvümüzlə birlikdə gəlmişik. 2 övladım, 2 gəlinim, 4 nəvəm və özüm yaşamaq, qurub-yaratmaq üçün Ağalıya gəlmişik”, - kənd sakini bildirib.

Digər Ağalı sakini Rahilə Almuradova isə qeyd edib ki, kənddən çıxanda 35 yaşı olub.

“4 körpə uşaqla buradan çıxmışdım. İndi həmin o körpələrin 4-ü ailə qurub. Bir övladımın ailəsini gətirmişəm. Digər övladlarım da gələcəklər. Bizə bu günləri yaşadan, 44 günlük müharibədə qalib gələn Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevə, onun xanımına öz təşəkkürümüzü bildiririk. Mən eyni zamanda, şəhid analarına, şəhid atalarına minnətdaram. Mən özüm də şəhid bacısıyam. Qardaşımın şəhid olduğu torpaqda yaşamağa gəlmişik. Ata-anam Bakıda dünyasını dəyişdi. Biz buradan çox pis vəziyyətdə getmişdik, indi isə sevinə-sevinə qayıtmışıq”, - Rahilə Almuradova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR