“AgriVision” layihəsinin bağlanış konfransı keçirilib

“AgriVision” layihəsinin bağlanış konfransı keçirilib
# 25 noyabr 2022 14:30 (UTC +04:00)

Noyabrın 25-də Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun birgə həyata keçirdiyi “AgriVision” layihəsinin bağlanış press konfransı keçirilib.

APA-nın xəbərinə görə, layihə 2020-ci ildən etibarən Lənkəran-Astara İqtisadi Rayonunda kiçik və orta sahibkarlığın daha da inkişafı və əlavə gəlir əldə etməsi üçün dəstək verib.

Layihənin əsas məqsədləri qeyri-neft sektorunun genişləndirilməsi, eləcə də şəhər və kənd yerləri arasında gəlir fərqinin aradan qaldırılması ilə bağlı Azərbaycan hökumətinin inkişaf məqsədlərinə uyğundur. Bununla yanaşı, layihə Avropa İttifaqının “Azərbaycanın İnteqrasiya edilmiş Regional İnkişafı (IRDA)” 2015-ci il üçün İllik Fəaliyyət Proqramının bir hissəsi kimi həyata keçirilib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin rəhbəri Viktor Bojkov bildirib ki, bu layihə həm ikitərəfli yardım, həm də İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi perspektivi baxımından Aİ ilə Azərbaycan arasında güclü tərəfdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Layihə kiçik fermerlərə potensialın artırılması və gəlir gətirən mənbələrin şaxələndirilməsinə dəstək verir, kənd əhalisi üçün alternativ gəlir mənbəyi kimi kənd təsərrüfatı və aqroturizm sektorlarına əlavə dəyər verir: “Bu, həm də qonaqlama sektorunda yerli qida və iqtisadi imkanların təşviqində vətəndaş cəmiyyəti, özəl sektor, yerli hökumət və dövlət qurumları ilə əməkdaşlığımızın gözəl nümunəsidir.”

Konfransda iştirak edən yerli icra hakimiyyətləri nümayəndələri də dövlət qurumları üçün mövcud siyasət çərçivəsi və Azərbaycanda aqrar turizmlə bağlı inkişafı dəstəkləyən tədbirlər barədə məlumat verdilər. Tədbirə dəvət olunan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli qurumlarının nümayəndələri də öz növbəsində aqrar/ekoturizmin Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələnməsində rolunu qeyd edərək, layihə çərçivəsində cəlb olunduqları əməkdaşlığı yüksək qiymətləndirdilər. Daha sonra "AgriVision" layihəsinin meneceri Ramin Səfərzadə layihə haqqında qısa təqdimat edərək layihənin məqsəd və hədəfləri, icra olunan işlər və əldə olunan nəticələr haqqında məlumat verib.

Press konfransın sonunda layihə çərçivəsində əməkdaşlıqdan yararlanan kiçik və orta təsərrüfat sahibləri görülən işlər və edilən yardımlarla bağlı öz təşəkkürlərini bildirib, bu kimi layihələrin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR