Ailə münasibətləri barədə sosioloji tədqiqatın nəticələrinə dair konfrans keçirilib - FOTO

Azərbaycanda ailə münasibətləri barədə sosioloji tədqiqatın nəticələrinə dair konfrans

© APA | Azərbaycanda ailə münasibətləri barədə sosioloji tədqiqatın nəticələrinə dair konfrans

# 22 dekabr 2021 13:43 (UTC +04:00)

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc tədqiqatın məqsədindən danışıb. O bildirib ki, ailə və dövlətin müqəddəratı hər zaman eyni olur: "Bu gün ailə institutu, milli dəyərlər sistemi fasiləsiz xarici təzyiqlərə məruz qalır. Azərbaycan ailəsi bir tərəfdən tarixin sərt sınaqlarından çıxaraq köklü dəyərləri və ənənələri, norma və idealları özündə qoruyub saxlamağa çalışır, digər tərəfdən dünyada radikal dəyişikliklər hər bir millətin üzərində qərarlaşdığı fundamental dayaqlara hücum edir, onun fərqliliyini və müqəddəsliyini əlindən almağa çalışır”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxışında qeyd edib ki, ölkədə sosial islahatlar davam edir. Bu il təyin edilmiş 400 min müavinətdən 30 faizi uşaqlar və aztəminatlı ailələri əhatə edib: "50 minə yaxın belə ailə ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardım alanların yarısından çoxu qadın və uşaqlardır. 9 ayda 62 mindən artıq vətəndaş işlə təmin olunub, onların 15 mini qadındır". Nazir müavini qeyd edib ki, məişət zorakılığı ilə bağlı yeni sənəd hazırlanıb və növbəti 6 ildə icra olunacaq.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin üzvü Tahirə Allahyarova təqdimatla çıxış edib və deputatlar fikirlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR