AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”
  • Clock-gray 13:00
  • calendar-gray 17 İyul 2019

"Rusiyadan Azərbaycana 118 ton bitki mənşəli kənd təsərrüfatı məhsulu geri qaytarılmayıb. Yayılmış məlumatlar həqiqəti əks etdirmir".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

AQTA sədri deyib ki, rəhbərlik etdiyi qurum iyulun 1-dən Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları barədə ətraflı məlumat yayımlayır: “Dəqiq məlumat budur ki, bu ilin yanvarın 1-dən bu günə qədər Azərbaycanda təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub. Geri qaytarılan məhsullar arasında kənd təsərrüfatı məhsulları da mövcuddur. Bu, cəmi 5 nəqliyyat vasitəsidir. Həmin 5 nəqliyyat vasitəsində pomidor, gilas və tütün kimi kənd təsərrüfatı məhsulları olub. İxrac olunan məhsullarla geri qaytarılan məhsullar arasında çox böyük fərq var. Geri qayıtma ümumi məhsulların cəmi 0,03 faizini təşkil edir. Həmin 5 nəqliyyat vasitəsindən 2-sinin ümumiyyətlə məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə heç bir aidiyyəti yoxdur. Yəni, 2 nəqliyyat vasitəsinin geri qayıtması nəqliyyat vasitələrinin özünün sənədləşməsində olan problemlərdən qaynaqlanıb. 3 nəqliyyat vasitəsində isə geri qaytarılan kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxması aşkarlanıb. Sevindirici haldır ki, məhsulların heç birinin toksikoloji göstəricilərində kənara çıxmalar yoxdur. Bu da onu göstərir ki, bizim bitkiçilik təsərrüfatlarımızda artıq aqrokimyəvi vasitələrin, pestisidlərin, eyni zamanda bitki ziyanvericilərinə qarşı olan vasitələrin tətbiqi düzgün həyata keçirilir. Geri qayıdan nəqliyyat vasitəsindəki zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçirilib. O tədbirlər bitdikdən və nəqliyyat vasitələrindəki olan sənədləşmə problemləri də aradan qaldırıldıqdan sonra həmin 5 nəqliyyat vasitəsi yenidən geri ixrac olunub. Xahiş edirəm ki, belə yanlış, dəqiqləşdirilməmiş məlumatlardan istifadə edilməsin. Bəzi bədniyyət insanlar da yanlış olaraq KİV-də, xüsusilə sosial şəbəkələrdə məlumat yayırlar ki, guya Rusiyadan Azərbaycana kütləvi şəkildə insan qidası üçün yararsız olan kənd təsərrüfatı məhsulları geri qaytarılıb və onlar da Azərbaycan əhalisinə verilib. Bu, çox yanlış məlumatlardır".

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date