Avropa Azərbaycan Məktəbində beynəlxalq olimpiadanın Bakı turniri təşkil edilib

Avropa Azərbaycan Məktəbində beynəlxalq olimpiadanın Bakı turniri təşkil edilib
# 03 may 2023 09:05 (UTC +04:00)

28-29 aprel tarixində Avropa Azərbaycan Məktəbində “Owlypia” beynəlxalq olimpiadasının Bakı mərhələsi təşkil edilib.

Bu barədə APA-ya Avropa Azərbaycan Məktəbindən bildirilib.

Qeyd edilib ki, “Owlypia” hər bir gənc şüurda intellektual maraq oyatmaq məqsədi daşıyır. “Owlypia” 2017-ci ildə Böyük Britaniyanın London şəhərində yerləşən sertifikatlı Sosial Müəssisə olan “Perceptum Education” tərəfindən təsis edilib.

İncəsənət və Dizayn, İqtisadiyyat və Biznes, Ədəbiyyat və Mədəniyyət, Elm və Texnologiya, Sosial Fənlər kimi beş fərqli kateqoriya üzrə “Owlypia” olimpiadasında iştirak etməklə gənc intellektuallar öz yaradıcı ideyalarını bölüşür, çoxşaxəli akademik bacarıqlarını inkişaf etdirir, potensiallarını kəşf edir, özünə inam formalaşdırır, komandada birgə işləmə bacarıqlarını təkmilləşdirir və yeni dostluqlar yaradırlar.

“Owlypia” müsabiqəsi yalnız şagirdlərin akademik göstəricilərini ön plana çıxarmaq üçün deyil, həm də onların dünya görüşünü zənginləşdirmək və beynəlxalq əlaqələr qurmaq üçün əlverişli və mühüm bir platformadır. Bu müstəvi çərçivəsində iştirakçılar bir-birindən öyrənir və fərqli mövzularda öz baxışlarını bölüşə bilirlər.

Bakıda bir çox məktəblərin iştirakı ilə keçirilən müsabiqədə şagirdlər OWLINS və OWLETS olmaqla 2 yaş kateqoriyası üzrə yarışdılar.

Yarışın ilk günü şagirdlər debatlara və müxtəlif akademik fəaliyyətlərə cəlb olunaraq onlar üçün təyin edilmiş tapşırıqları yerinə yetirdilər.

Yarışın ikinci günü təşkil olunan kollektiv yarışda şagirdlərə müxtəlif mövzular üzrə suallar təqdim olundu. Suallara düz cavab verən şagirdlər medal qazanmaq yolunda bir addım da irəliləmiş oldular.

Daha sonra keçirilən “İstedad Şou” müsabiqəsində iştirakçılar bir-birindən maraqlı və əyləncəli çıxışlar nümayiş etdirərək şənləndilər və olduqca əyləncəli vaxt keçirdilər.

Tədbirin yekununda iştirakçıların səbirsizliklə gözlədikləri mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər iki günlük əməklərinin qarşılığı olaraq müxtəlif nominasiyalar üzrə qızıl, gümüş və bürünc medal, sertifikat və kuboklar ilə təltif olundular.

Avropa Azərbaycan Məktəbinin şagirdləri də bir sıra nominasiyalar üzrə qızıl, gümüş və bürünc medallar və kuboklar, sertifikatlar qazandılar.

Yüksək nəticə nümayiş etdirən komandalar Boston, Kembric və Əbu Dabidə keçiriləcək qlobal turnirlərdə iştirak etmək imkanı əldə etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR