Azərbaycanda elmi müəssisələrin akkreditasiya qaydaları dəyişəcək

Famil Mustafayev

© APA | Famil Mustafayev

# 30 dekabr 2021 14:08 (UTC +04:00)

“Elmi müəssisələrin akkreditasiya işini qurmaq üçün Avropa İttifaqının bir layihəsi çərçivəsində “IBF International Consulting” şirkəti dəstək verir. Layihə pilot olaraq seçilmiş 3 müəssisədə – AMEA, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə həyata keçirilir”.

Bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev deyib

Sədr bildirib ki, faktiki olaraq 3 qurumun hər birindən bir müəssisədə akkreditasiya prosesi gedir: “Bununla bağlı təlimlər keçirdik. Həm də hər bir müəssisənin akkreditasiyası üzrə ekspert şuraları müəyyənləşdirdik. Həmin şuralara kadr, hüquq məsələləri ilə bağlı mütəxəssislər cəlb etmişik. Hər 3 müəssisədə artıq özünüqiymətləndirmə prosesi gedir. İlk növbədə müəssisənin özü müəyyən anket məlumatları əsasında özünü qiymətləndirir. Sonra bizim ekspertlər özünüqiymətləndirmə hesabatlarını yoxlayacaqlar. Harada sual yaransa, ekspertlər məhz oranı dərindən yoxlayacaq. Sonra akkreditasiya ilə bağlı Komissiyaya müvafiq tövsiyələrini verəcəklər. Hesab edirəm ki, gələn ilin əvvəlində akkreditasiya ilə bağlı pilot layihə əsasında müvafiq qərarlar verəcəyik. Bu gün əsas sənəd kimi Nazirlər Kabinetinin akkreditasiya ilə bağlı qərarını götürürük”.

F. Mustafayev qeyd edib ki, pilot layihə çərçivəsində akkreditasiya bitdikdən sonra sənədə müvafiq dəyişikliklər olmalıdır: “Pilot layihə başa çatdıqdan sonra əsaslı bir sənəd hazırlamağı, normativ bazada yeniliklər etməyi düşünürük. Bundan sonra planlı şəkildə Azərbaycanda fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcəyik. Bu iş hər bir halda beynəlxalq standartlara uyğun olmalıdır. Bizdə elmi müəssisələrin hamısı demək olar ki, dövlət büdcəsindən maliyyələşir. Ona görə də dövlət adından maraqlıyıq ki, büdcədən maliyyələşən təşkilatların dövlət üçün əhəmiyyətini müəyyənləşdirək. Akkreditasiyanın mənası dolayısı ilə bundan ibarət olacaq. Bu gün bizim qoyduğumuz tələblər hansısa beynəlxalq standartlardan nisbətən aşağı ola bilər, çünki o tələbləri tətbiq eləsək, müəssisə və kadrların fəaliyyəti ilə bağlı ciddi fəsadlar meydana çıxar. Biz bu işdə keyfiyyətə doğru mərhələli addımları əsas götürəcəyik. Getdikcə tələblərin artırılmasına doğru istiqamətlənəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR