Bələdiyyə sədrləri ilə bağlı müsabiqənin qalibləri açıqlanıb - FOTO

Bələdiyyə sədrləri ilə bağlı müsabiqənin qalibləri açıqlanıb - FOTO
# 28 iyul 2022 14:32 (UTC +04:00)

BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqı (Aİ) ilə birgə icra etdiyi “İqtisadi İnkişafı dəstəkləyən bələdiyyə sədrləri” müsabiqəsinin qalibləri açıqlanıb.

APA xəbər verir ki, tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ bu ilin martında “Şəhərlərin inkişafı üçün bələdiyyələr” layihəsini başladıb.

Sözügedən layihə “Şərq Tərəfdaşlığı” ölkələrində keçirilib.

Diplomat bildirib ki, maliyyələşdirməsi Aİ tərəfindən həyata keçirilən layihədə Azərbaycandakı tərəfdaşlar BMTİP və Azərbaycan hökumətidir.

“Mən Prezident Administrasiyasına təşəkkür edirəm ki, layihə çərçivəsində bu müsabiqənin daha çox əraziləri əhatə etməsi üçün dəstək verib. Regional bələdiyyələr bu layihəyə böyük maraq göstərib. Cəmiyyətin inkişafı üçün bələdiyyələrin işi çox vacibdir”, - Aİ səfiri vurğulayıb.

Diplomat qeyd edib ki, “Şərq Tərəfdaşlığı” ölkələrinə “İqtisadi İnkişafı Dəstəkləyən bələdiyyə sədrləri” layihəsi çərçivəsində 2024-cü ilə qədər ümumilikdə 10 milyon avro ayrılıb: “Bu mərhələdə layihə çərçivəsində keçirilən müsabiqənin qaliblərinə, “Portfolio səyahəti” kateqoriyasında qaliblərin hər birinə 240 min avro, “Şəhər transformasiyasında” kateqoriyasının qaliblərinin hər birinə 60 min avro ayrılıb”.

BMT İP-də sözügedən layihənin rəhbəri Cavid Məmmədov deyib ki, may ayında müsabiqəyə 30 bələdiyyə daxil olub və onlardan 6-sı qalib olub. “Şəhər transformasiyasında” layihələrin icra mərhələsi 6 ay, “Portfolio səyahəti”ndə isə layihələr 2 il davam edəcək: “Ayrılan vəsaitin səmərəli və şəffaf şəkildə sərf olunması üçün BMTİP-in öz rolu olacaq”.

Müsabiqədə 6 bələdiyyə qalib olub. Onlar Səbail, Urva, Mingəçevir, Naftalan, Xırdalan və İçərişəhər bələdiyyələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR