Ceyhun Məmmədov: “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin hamisi olub”

Ceyhun Məmmədov,  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü

© APA | Ceyhun Məmmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü

# 07 may 2022 13:17 (UTC +04:00)

“XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. O, həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görüb, milli-mənəvi dəyərlərimizin hamisi olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynayıb: “Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox görəcəkdi və gördü də”.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də ciddi gərginlik müşahidə olunurdu: “O, siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, dini durumun sabitliyinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə Konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996 və 1997-ci illərdə “Dini etiqad azadlığı haqqında” qanuna həmin dövrdə edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən davamlı olaraq dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar verərək dövlətin milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verəcəyini bildirdi. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında İslamın mütərəqqi din olduğunu, bütün dinlərə hörmətlə yanaşdığını, digər dinlərə düşmən münasibəti bəsləmədiyini, başqa dinlərə etiqad edənlərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları olduğunu xüsusi vurğuladı. Ulu Öndər həmçinin Azərbaycanda dini dözümlülüyün hər zaman yüksək səviyyədə olmasını, dini zəmində münaqişələrin baş verməməsini yüksək qiymətləndirərək, Azərbaycan xalqını bu ənənəni qorumağa çağırdı. Həmçinin gənclərin dini dözümlülük ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq, İslam pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinin yolverilməz olduğunu bəyan etdi”.

Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin məhz bu prinsiplərdən çıxış edərək ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına da xüsusi önəm verdiyini söyləyib: “Dini dəyərlərə yüksək hörmət nümayiş etdirən Ümumilli Lider Heydər Əliyev mütəmadi olaraq dini bayramlarda və əlamətdar günlərdə ibadət ocaqlarını ziyarət edər, din xadimləri ilə görüşər, çıxışlar edər, dini bayramlar və mərasimlər münasibətilə dini icmalara təbriklər ünvanlayardı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə atdığı ilk ən mühüm addımlardan biri də İslam dünyasının müqəddəs məkanlarının ziyarəti oldu. Ümummilli Liderin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanın müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına və İslam dünyasına sürətli inteqrasiyasına da ciddi təsir göstərdi. Azərbaycan qısa vaxtda İslam Əməkdaşlıq Təşkilatının fəal və aparıcı üzvlərindən birinə çevrildi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu qurum dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyən bəyanatlar verdi, müsəlman ölkələrini Ermənistanla əlaqə qurmamağa çağırdı. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət Xocalı faciəsini soyqırım kimi tanıdı. Digər tərəfdən, Ulu Öndər Əliyev Azərbaycan müsəlmanlarının dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də xüsusi önəm və dəstək verdi, bu qurum Qafqazda ən böyük dini mərkəzə çevrildi”.

Onun sözlərinə görə, Ulu öndərin diqqət və qayğısı təkcə müsəlmanları deyil, Azərbaycanda yaşayan digər bütün dinlərin mənsublarını əhatə edib: Ölkəmizdə məscidlərlə bərabər sinaqoq və kilsələrin də bərpa və inşasına önəm verildi. Heydər Əliyev davamlı olaraq Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri ilə davamlı görüşər, qayğıları ilə maraqlanar, onlarla fikir mübadiləsi, məsləhətləşmələr aparar, əlamətdar günlər və bayramlar münasibətilə təbrik edərdi. Həmin dövrdə Azərbaycanda dini sahəsində qəbul edilən mühüm qərarlardan biri də 2003-cü ildə Azərbaycan hökumətinin böyük uzaqgörənliyi, diqqət və qayğısı ilə Alban-udi dini icmasının dövlət qeydiyyatına alınması oldu. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yeritdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etdi. Azərbaycanda yaşayan yəhudi icmaları da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. 2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın Qırmızı qəsəbə adlanan ərazisində bərpa olunan sinaqoqun açılış mərasimi keçirildi”.

Deputat hesab edir ki, Heydər Əliyevin Azərbaycanda dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən, uzaqgörən və müdrik addımlarından biri də Sovet məkanında ilk dəfə Azərbaycanda 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır: “Komitə yaradıldıqdan sonra ölkəmizdə dövlət-din münasibətlərində yeni bir mühüm mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu”.

Deputat vurğulayıb ki, Ulu Öndərin başlatdığı bu böyük və nəcib missiyanı hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva çox böyük uzaqgörənliklə və uğurla davam etdirir, ölkəmizdə dini icmalara böyük diqqət və qayğı göstərilir, yeni məscid, kilsə və sinaqoqlar inşa olunur, dini təhsil müəssisələri yaradılır: “Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə, mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu öz fəaliyyətində xeyirxahlıq qayəsini rəhbər tutaraq, dini ibadət ocaqlarının təmir, bərpa və inşasına xüsusi əhəmiyyət verir. Bu, İkinci Dağlıq Qarabağ Müharibəsi zamanı bəzi dairələrin Qarabağdakı xristian kilsələrinin taleyindən “narahatlıq” ifadə etməsinə ən tutarlı cavabdır. İkinci Qarabağ savaşında ölkəmizin möhtəşəm qələbəsində Azərbaycanın müstəqillik illərinin ilk günlərindən dini fəaliyyət sahəsində həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət çox ciddi rol oynadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR