Cəzaçəkmə müəssisəsində qadın zorakılığına qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO

Cəzaçəkmə müəssisəsində qadın zorakılığına qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO
# 25 noyabr 2022 16:50 (UTC +04:00)

BMT Baş Assambleyasının qərarı ilə hər il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Gender bərbərliyinə nail olunmasında əsas çətinliklər” mövzusunda müzakirə keçirilib.

APA xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Mediasiya Şurasının sədri Nadir Adilov, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin, dövlət qurumlarının, digər təşkilatların, elm və təhsil müəssisələrinin təmsilçiləri, vəkillər, vətəndaş cəmiyyəti institutları, hüquqşünas tələbələr və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni penitensiar müəssisələrin fəaliyyəti və yaradılmış müasir şəraitlə tanışlıq olub.

Dayanıqlı İnkişaf üzrə 5-ci (Gender bərabərliyi), 10-cu (Bərabərsizliyin azaldılması) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) Məqsədlərə nail olunmasında qarşıdakı perspektivlərə həsr olunan tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova iştirakçıları salamlayaraq gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması məsələləri ilə bağlı ictimai müzakirələrin aparılması baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, BMT-nin Rezident əlaqələndiricisi Vladanka Andreeva, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynov açılış nitqi ilə çıxış ediblər.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib ki, ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif ixtisas sahiblərinin diqqətinin məişət zorakılığı ilə mübarizəyə cəlb edilməsi, habelə aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyəti mühüm rol oynayır. Aparılan hüquqi islahatları nəticəsində qəbul edilmiş Cəzaların İcrası Məcəlləsində və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda qadınlarım imtiyazları ilə bağlı bir sıra normalar yer alıb: "Onlara xüsusi maddi-məişət və yemək normaları müəyyən edilmiş, məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil olunub, onlara müəssisənin ərazisində uşaqları ilə birgə yaşamağa icazə verilib. Qadın məhkumlara verilən imtiyazların artırılması, onların maddi-məişət təminatının yaxşılaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarına, o cümlədən Nazirlər Kabinetin müvafiq qərarına dəyişikliklər edilib. Bu yeniliklər, o cümlədən penitensiar sahədə aparılan islahatlar, məhkum qadınların daha geniş əməyə cəlb olunması məqsədi ilə yeni iş yerlərinin açılması, təhsil və peşə hazırlığı məsələlərinə diqqətin artırılması, onların hüquqlarının daha etibarlı qorunmasına, təhlükəsizliklərinin təminatına, səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət edir. Qadın məhkumların istənilən məsələlər üzrə müraciətlərinə həssaslıqla yanaşılıb, operativ araşdırılaraq qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görülüb".

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, BMT hökumətlərə, beynəlxalq təşkilatlara, nüfuzlu qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib: "Sevindirici haldır ki, BMT-nin bu təklifinə qoşulan, bu əlamətdar günü qeyd edən dövlətlər, təşkilatlar, QHT-lər artmaqdadır. Azərbaycanda da bu sahədə önəmli addımlar atılmaqdadır. Eyni zamanda ölkəmizdə bir çox cəsur xanımlarımız var ki, onlar qadın hüquqları uğrunda, zorakılığa, qadına şiddətə qarşı inadkar mübarizə aparır, hüququ müdafiə təşkilatları yaradır, silsilə etiraz aksiyaları keçirirlər. Amma bu mübarizəni eyni zamanda hər bir qadın həm də özü fərd olaraq aparmaqla ümumi iş öz töhfəsini verməlidir. Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi tanınır və azadlıqları məhdudlaşdırılmış qadınların ən qısa zamanda yenidən cəmiyyətə inteqrasiyası üçün dövlətimiz əlindən gələni əsirgəmir".

Tədbirdə gender bərabərliyinə nail olunmasında, eyni zamanda qadınların səlahiyyətlərinin genişləndirilməsində və onların iqtisadi resurslara bərabər çıxış hüquqlarının yaradılmasında Dayanıqlı İnkişaf Məqsədlərinin rolu, qadın və qızlara qarşı bütün formalarda zorakılığın aradan qaldırılması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qadınların hüquq və azadlıqlarının təmin olunmasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinin vacibliyi, uşaqlara qarşı pis rəftar, onların istismarı və ümumiyyətlə bütün formalarda uşaq zorakılığına qarşı mübarizə üsulları məsələləri müzakirə olunub.

Sonra Qadın məhkumlardan ibarət özfəaliyyət dərnəyinin ifasında konsert proqramı keçirilib.

Tədbir çərçivəsində Landau Məktəbinin dəstəyi ilə pulsuz ingilis dili (İELTS) kursunun açılışı olub, Vəkillər Kollegiyasının “Qadın vəkillər” alyansı tərəfindən pulsuz hüquqi yardım aksiyası, “İçəri şəhər” Muzey Mərkəzi tərəfindən “Qurama” sənəti üzrə ustad dərsi keçirilib, qadın məhkumların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR