Deputat: “Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaqlara həssas münasibətin təzahürüdür”

Deputat: “Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaqlara həssas münasibətin təzahürüdür”
# 01 iyun 2022 19:19 (UTC +04:00)

“Uşaqların müdafiəsi ölkəmizdə Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların sosial müdafiəsi, onların dövlətin diqqət və qayğısı ilə əhatə olunması məqsədilə çoxsaylı proqramlar, tədbirlər həyata keçirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın davamlı dəstəyi xüsusi qeyd olunmalıdır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Ramin Məmmədov deyib.

Deputat bildirib ki, uşaqlar üçün ən vacib, həyati əhəmiyyətli məsələlərdən biri onların normal təhsil almaq imkanlarının təmin olunmasıdır. Ötən müddət ərzində Azərbaycanda uşaq bağçaları, məktəblər, uşaq evlərinin inşası, əsaslı təmiri ilə bağlı böyük işlər görülüb: “Uşaqların layiqli vətəndaş kimi yetişməsi, təhsil alması, cəmiyyətdə öz yerini tutması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına xidmət edən siyasət həyata keçirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. 1998-ci ildə "Uşaq Hüquqları haqqında” qanun qəbul edilib.”

Deputat qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, valideyn himayəsindən məhrum uşaqların müalicəsi, onların sağlamlığının bərpası ilə bağlı bir sıra layihələr reallaşdırılıb: “Heydər Əliyev Fondunun dəstəyi həyata keçirilən layihələr, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi, müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrinin qurulması uşaqların sağlamlığına göstərilən son dərəcə həssas münasibətin təzahürüdür”.

Ramin Məmmədov vurğulayıb ki, uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunmasının ən vacib şərtlərindən biri ailələrin sosial müdafiəsinin gücləndirilməsidir: “Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində son illərdə həyata keçirilmiş islahatlar nəticə etibarilə həm də uşaqlar üçün daha əlverişli həyat şərtləri formalaşdırmağa istiqamətlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR