Dərman və vaksinlərin əlavə təsirləri barədə müraciətlərin sayı açıqlanıb

Dərman və vaksinlərin əlavə təsirləri barədə müraciətlərin sayı açıqlanıb
# 19 sentyabr 2022 13:58 (UTC +04:00)

Cari ilin yanvar ayının 1-dən avqustun 31-ə qədər Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi”nin (AEM) Farmakonəzarət şöbəsinə əlavə təsirlər haqqında 115 bildiriş daxil olub.

AEM-in mətbuat xidmətindən APA-ya bildirilib ki, göndərilən bildirişlərin 46 - tibb işçiləri, 68 - əczaçılıq şirkətləri və cəmi biri pasyentlərin payına düşür.

Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər hələ ötən ilin sonunda başa çatdırılıb. Onlayn portal vasitəsi ilə pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat bir şəkildə ötürə bilirlər.

Sistem işə başlayan zaman bildirilib ki, AEM Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Proqramı çərçivəsində əməkdaşlığını davam etdirir və Mərkəz dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda-risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu məqsədlə məlumatın toplanması, qeydiyyata alınması və qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanmışdır və burada təqdim etdiyiniz məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə Mərkəz tərəfindən nəzarət ediləcək.

Vətəndaşlar onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək keçid əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR