DİM və “LANDAU School” arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

DİM və “LANDAU School” arasında Anlaşma Memorandumu imzalanıb  - FOTO
# 01 sentyabr 2022 12:01 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində DİM və “LANDAU School” Tədris Kompleksi arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq DİM və “LANDAU School” Tədris Kompleksi arasındakı əməkdaşlığın istiqamətlərinə toxunub və təhsilin keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib.

Sədr çıxış zamanı bu növ əməkdaşlığın Azərbaycan gəncliyinin sağlam psixoloji təməl üzrərində savadlılığının artırılmasına töhfə verdiyini vurğulayıb və DİM tərəfindən peşə yönümünün müəyyən edilməsi, azyaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi üçün təşkil olunan konsultasiyaların mühüm rolundan danışıb.

Tədbirdə çıxış edən “LANDAU School” Tədris Kompleksinin təsisçisi və Müşahidə Şurasının üzvü Emil Leznik öncə qonaqları salamlayıb. Daha sonra DİM ilə birgə əməkdaşlıq çərçivəsində tərtib edilən elmi-metodiki vəsaitlər barədə məlumat verib.

Tədbirin sonunda Məleykə Abbaszadə və Emil Leznik Anlaşma Memorandumu imzalayıblar.

Memorandumuna əsasən, tərəflər “LANDAU School”un 9-11-ci sinif şagirdləri üçün elmi-metodiki vəsaitlərin hazırlanması, müvafiq elmi-metodiki vəsaitlər əsasında təhsilalanların biliyinin yoxlanılması, elmi-metodiki vəsaitlərin təkmilləşdirilməsi və effektivliyin təmin olunması məqsədilə Böyük Summativ Qiymətləndirmənin təşkil edilməsi, BSQ nəticələrinin təhlili əsasında müvafiq tövsiyə hesabatlarının hazırlanması, həmçinin təhsilalanların psixoloji sağlamlığının qorunması, hmçinin ixtisas seçiminə dəstək verilməsi məqsədilə psixoloji xidmətlərin göstərilməsi istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR