ƏƏSMN: Son 5 ildə sosial islahat paketləri üzrə ayrılan illik vəsait 6,8 milyard manata çatıb

ƏƏSMN: Son 5 ildə sosial islahat paketləri üzrə ayrılan illik vəsait 6,8 milyard manata çatıb
# 02 iyun 2023 11:16 (UTC +04:00)

Son beş ildə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib.

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransından bildirib.

Onun sözlərinə görə, həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və həmin vaxtdan 6 DOST Mərkəzi, habelə Zəngilanın Ağalı kəndində ölkə üzrə ilk “Smart DOST” məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, 154 növdə sosial xidmətin “bir pəncərə”dən, çevik, tam şəffaf şəkildə təqdim edildiyi DOST mərkəzlərində ötən dövrdə 1 milyon 561 min vətəndaşa xidmət göstərilib, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edib. DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub və DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı daim artır. Hazırda DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR