Əmək mübahisələrinin uğurlu həllinə dair ictimai müzakirə keçirilib - FOTO - VİDEO

Əmək mübahisələrinin uğurlu həllinə dair ictimai müzakirə keçirilib - FOTO  - VİDEO
# 26 iyul 2022 12:31 (UTC +04:00)

Bu gün “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə təşkil edilib.

APA xəbər verir ki, müzakirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komissarlığı və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə təşkil edilib.

İctimai müzakirənin moderatoru Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova təşkil edilən tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, təşkil edilmiş ictimai müzakirə eyni zamanda maarifləndirmə sahəsində də mühüm rol oynayır: “Belə ki, mediasiya islahatlarının həyata keçirilməsində Ədliyyə Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyulub. Biz də nazirlik olaraq hər zaman mediasiya islahatlarının uğurla davam etdirilməsi sahəsində bütün dəstəyimizi göstərərək, Mediasiya Şurası ilə çox sıx əməkdaşlıq edirik”.

Ombudsman Səbinə Əliyeva əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət, bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr və həyata keçirilən layihələr barədə məlumat verib.

Çıxış zamanı həmçinin Ombudsmanın ünvanına daxil olan şikayətlərdə yer alan əsas problemlər və onların həlli məqsədilə görülən işlər diqqətə çatdırılıb. Ombudsman çıxışında əmək hüquqlarının təmini sahəsində təsisatın əsas fəaliyyət istiqamətlərindən biri olan “Biznes və insan hüquqları” sahəsində həyata keçirilən fəaliyyət barədə də məlumat verib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Şura fəaliyyətə başladığı gündən bu günədək Şuraya əmək mübahisələri üzrə 1302 iş daxil olub, bunlardan 205-i barışıq sazişi ilə nəticələnib və işlərin çoxu məhkəmələrə getməyib: “Amma bir çox hallarda tərəflər mediasiya prosesində iştirak etmədiyindən bu işlərin bir çoxu uğursuz alınıb. Çünki işəgötürən mediasiya prosesinə gəlməkdən imtina edib, yaxud da mediasiya prosesinə gələn tərəf onun elə bir qərar qəbul etmək səlahiyyətinin olmadığını qeyd edib. Yəni bir çox hallarda mediasiya proseslərinin uğursuz alınmasının səbəbi təkcə mediatorlar, yox tərəflər də olur”.

Odur ki, tərəflərdən mediasiya proseslərində iştirakını xahiş edən N. Adilov uğurlu mediasiya islahatlarının aparılmasında mediasiya prosesində, xüsusən əmək mübahisələrinin həllində hər iki tərəfin iştirakının zəruri olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR