ETSN: Son 30 ildə Xəzərdə nərəkimilərin sayı 30 dəfə azalıb

ETSN

© APA | ETSN

# 25 yanvar 2022 13:21 (UTC +04:00)

“Ümumiyyətlə Xəzər dənizində son 30 ildə nərəkimilərin sayı 30 dəfəyə qədər azalıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, professor Mehman Axundov deyib. O bildirib ki, bu, həm brakonyerlik, həm də iqlim dəyişikləri ilə bağlı dənizin səviyyəsinin düşməsi və çayların həcminin azalması ilə bağlıdır: “Kür çayına tökülən suyun həcmi 40-50 faiz azalıb. Kürün axarında, hardasa 6-8 kilometrlik hissəsində çayın dərinliyi 40-60 sm-dir. Belə olan halda balıq kürü tökmək üçün həmin yerə girə bilmir və başqa yerə miqrasiya edir. Buna görə Ural çayı daha əlverişlidir. Başqa çaylarla müqayisədə Uralda hidroelektrik stansiyasının bəndi yoxdur. Bənd olmadıqda balıqlar çayın yuxarı hissəsinə miqrasiya edirlər. Ümumiyyətlə, Xəzərin şimal hissəsində böyük balıqlara daha çox rast gəlinir, çünki bunlar kürü tökməyə gedən balıqlardır”.

M. Axundov balıqların kürüləməsi üçün təbii şəraitdən də danışıb: “Biz antropogen təsirlə bağlı Kürdə hidroelektrik stansiyanın bəndini qurmuşuq. Bu, kürüləmə şəraitini yox edir, çünki balıq ondan yuxarı qalxmalıdır və orada kürü tökməlidir. Uralda bu bənd olmadığına görə təbii şərait var. Bundan başqa, son illərdə Kür çayının yuxarı hissəsində dərinləşdirici işlər aparılır, amma effekti çox aşağıdır. Əgər Kürdə suyun səviyyəsi artarsa, balıqların kürüləməsinə şərait yaranar. Kürün həcmindən çox şey asılıdır. Kürün dərinliyi təxminən 2 metr aşağı düşüb. Dərinliyi artarsa, təkcə nərə balıqları deyil, digər yarımkeçici balıqlar daxil olub kürü qoya biləcək. Son 3-4 il ərzində suyun səviyyəsi düşüb. Bu, iqlim dəyişiklikləri ilə bağlıdır, yalnız Kürə xas deyil, digər çaylarda da suyun səviyyəsinin enməsi müşahidə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR