FHN və DİN Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO - VİDEO

FHN və DİN Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO  - VİDEO
# 06 iyul 2022 13:03 (UTC +04:00)

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Bərdədə “Yay mövsümündə dənli və texniki bitkilərin tədarükü zamanı, eləcə də biçilmiş ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bərdə rayon Gərənə kəndindəki meşə massivində baş tutan tədbirdə Ağdam, Ağcabədi Bərdə rayonlarının polis şöbələrinin əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, meşə təsərrüfatlarının əməkdaşları, həmçinin Qarabağ regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbirin keçirilməsində məqsədin meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək olduğu vurğulanıb.

Tədbirdə çıxış edənlər yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulayıblar. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri yol kənarlarında təmizləmə işləri aparmağı qurumuş ot və kolları yandırmaqda görürlər, bu da küləkli havalarda yaşıllıq massivinin yanmasına səbəb olur.

Qeyd olunub ki, bu kimi hallar baş verdiyi zaman həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Daha böyük ərazilər zərər görərsə, hətta cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Tədbirin sonunda əkin sahəsinin biçilməsi, biçilmiş əkin sahəsi ilə meşə sahəsi arasında şumlama yolu təhlükəsizlik zolağının yaradılması əyani şəkildə nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR