Gəncədə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib

Gəncədə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
# 02 fevral 2023 19:23 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı olub. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev, əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəldib. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, İdarə tərəfindən 2022-ci il ərazidə görülən işlər barədə məlumat verib. O bildirib ki, ötən il ərzində ümumilikdə 130 tədbir reallaşıb ki, bu tədbirlərdə də 6500-dən çox gənc iştirak edib. İl ərzində təşkil olunan tədbirlər təqvimdə yer alan xüsusi günlərin qeyd edilməsi ilə yanaşı, gənc nəslin vətənpərvər ruhda formalaşdırılması, dünyagörüşlərinin artırılması və maarifləndirilməsi məqsədi daşıyıb.

Rəsmi hissənin sonunda Gəncə şəhərinin ictimai həyatında fərqlənən gənclər “Təşəkkürnamə”lərlə təltif olunublar.

Tədbir gənclərin ifasında səsləndirilən şeir və musiqi nömrələri ilə davam edib.

Yekunda Gəncə gəncləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR