Gəncədə “Yaşıl Şəhər” layihəsinin təqdimat mərasimi keçirilib

Gəncədə “Yaşıl Şəhər” layihəsinin təqdimat mərasimi keçirilib

© APA | Gəncədə “Yaşıl Şəhər” layihəsinin təqdimat mərasimi keçirilib

# 06 iyul 2022 19:37 (UTC +04:00)

Gəncədə Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhər” layihəsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Kamola Mahmudova, AYİB-in “Yaşıl Şəhərlər” üzrə həmsədri Lin O'Gradi, layihənin meneceri İto Hiro, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Niyazi Bayramov qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl şəhər” layihəsinə Azərbaycanda ilk şəhər olaraq məhz Gəncə qoşulub. Bu isə ölkə rəhbərinin Gəncə şəhərinə göstərdiyi xüsusi diqqət və qayğısından irəli gəlir. Niyazi Bayramov qeyd edib ki, “Yaşıl şəhər” layihəsi ekoloji baxımdan şəhərimiz üçün çox əhəmiyyətli hadisədir. Avropa Yenidənqurma və İnkişaf Bankının bu layihəni dəstəkləməsinin sevindirici hal olduğunu vurğulayan şəhər rəhbəri, layihənin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanacağını söyləyib.

Kamola Mahmudova və Lin O'Gradi çıxışlarında tədbir iştirakçılarına “Yaşıl Şəhər” layihəsi haqqında geniş məlumat veriblər. Bildirilib ki, 2020-ci ilin mart ayında Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Şəhərlər” proqramına qoşulub. Gəncə Azərbaycanda AYİB “Yaşıl Şəhərlər” layihəsinə qoşulan ilk şəhərdir. “Yaşıl Şəhər” layihəsi Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. İlkin mərhələdə layihə üç hissədən ibarət olacaq. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi ilə bağlıdır. Yaşıl Şəhər layihəsinin inkişafı və həyata keçirilməsi şəhər ekoloji mühitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhər” layihəsinin meneceri İto Hiro çıxışında layihənin icrası və layihə çərçivəsində gələcəkdə görüləcək işlər haqqında danışıb.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov “Şəhər infrastrukturunun cari vəziyyəti və layihədən gözləntilər”, qrup rəhbəri Con Barber “Yaşıl Şəhər: metodologiya və yanaşmalar, əsas fəaliyyət, proqram və praktiki nəticələr” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra AYİB-“Yaşıl Şəhər” layihəsinin nümayəndələri mətbuat konfransında iştirak edib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Açılış mərasimindən sonra qonaqlar Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı ərazini ziyarət ediblər, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq sözügedən əraziyə gül dəstələri düzüblər.

Gün ərzində qonaqlar Gəncənin tarixi məkanlarına və mədəniyyət obyektlərinə baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR