Həkim-ginekoloq: Evdar qadınlar öz sağlamlıqlarına biganə yanaşır

Həkim-ginekoloq: Evdar qadınlar öz sağlamlıqlarına biganə yanaşır
# 07 iyun 2023 09:51 (UTC +04:00)

Ginekoloji xəstəliklərdə ən önəmli məsələlərdən biri xəstəliyin səbəblərini zamanında aşkar etməkdir.

APA xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 10 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Gülnar Mustafayeva deyib.

“Bunun üçün də profilaktik müayinələrin həyata keçirilməsi, klinik laborator müayinələrin aparılması, pasiyentin yaş və anamnestik məlumatlarının nəzərdən keçirilməsi çox vacibdir. Məhz bu prosesin nəticəsində qadınlara doğru yol göstərilir və zamanında müalicələrə başlanılır”, - o deyib.

Xüsusən, evdar qadınların öz sağlamlıqlarına biganə yanaşdığını bildirən həkim-ginekoloq vaxtında həyata keçirilmiş profilaktik tədbirlərin bir çox ginekoloji xəstəliklərin qarşısının alınmasında müstəsna rola malik olduğunu deyib. Məsələn, uşaqlıq boynunda meydana gələn patologiyalar haqqında söz açan mütəxəssisimiz bu baxımdan qadınlarımız arasında xəstəliklərin geniş yayıldığını bildirib:

“Uşaqlıq boynu patologiyaları nəinki ölkəmizdə, ümumiyyətlə dünyada aktual olan bir mövzudur. Hazırda uşaqlıq boynunun bədxassəli xəstəliyi reproduktiv sistemdə rastgəlmə tezliyinə görə süd vəzindən sonra ikinci yerdə durur. Təbii ki, bu xəstəlik birdən-birə yaranmır, bundan öncə xərçəngönü (displaziyalar) vəziyyətlər yaranır. Həmin xəstəliklərin vaxtında düzgün diaqnostikası və müalicəsi demək olar ki, bu xəstəliyin qarşısını kifayət qədər almış olur”.

Mütəxəssis hesab edir ki, bu cür ginekoloji xəstəliklərin qarşısının zamanında alınması üçün qadınlarımız mütləq qadın məsləhətxanaları və ya sahə ginekoloqları ilə müntəzəm əlaqədə olmalıdırlar.

Amma təəssüflər olsun ki, bu baxımdan vəziyyət ürəkaçan deyil. Bu və ya digər səbəblərdən və ya ümumiyyətlə səbəbsiz olaraq əksər qadınlar öz sağlamlığına biganə yanaşır və vaxtlı-vaxtında müayinələrdə iştirak etmirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR