Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni uğuru: 13 məktəb bir layihədə birləşdi - FOTO

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni uğuru: 13 məktəb bir layihədə birləşdi - FOTO
# 19 aprel 2023 12:27 (UTC +04:00)

Mütəmadi olaraq təhsillə bağlı yeniliklərə, uğurlara imza atmaqla seçilən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) şagirdlərin intellektual inkişafı üçün bir çox layihələr gerçəkləşdirib.

APA xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dəstəyi ilə "Marriott Boulevard" hoteldə Heydər Əliyevin 100 illiyi münasibətilə ilə İqlim dəyişikliyi təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə Məktəb Simpoziumu keçirilib.

Simpoziumda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, elm və təhsil naziri Emin Əmrullayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi, "EU4Climate" Layihəsinin koordinatoru Nazim Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov və Əməkdar artist Bəhram Bağırzadə, "Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı çıxış ediblər.

Simpozium çərçivəsində 13 beynəlxalq və dövlət məktəbinin 100-ə yaxın şagirdlərinə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri ilə bağlı tədqiqat layihələrini nümayiş etdirmək üçün platforma təqdim edilib. Baş tutan yarış şagirdlərin və qonaqların böyük marağına səbəb olub. Belə ki, şagirdlər qrup halında öz layihələrini təqdim ediblər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş simpozium, ekoloji problemlər barədə məlumatlılığın artırılmasına yönəlib. Eyni zamanda, bu tədbir gənc nəslin iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün effektiv tədbirlər vasitəsilə həll yollarının tapılmasına bir nümunədir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi təhsil verməklə yanaşı, şagirdlərin intellektual inkişafı üçün də maksimum imkanlar yaratmağa çalışır. Simpoziumda ətraf mühitlə bağlı sualları əhatə edən və tədbirə xüsusi maraq qatan intellektual oyun da keçirilib. Oyundan sonra, tərəfdaş təşkilatların nümayəndələri tərəfindən "Gələcək Burada Başlayır" məktəb müsabiqəsinin və intellektual oyunun qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, Aİ, "EU4Climate" və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən "Milli Uyğunlaşma Planı" layihələri BMTİP tərəfindən həyata keçirilir. Həmçinin, məktəb müsabiqəsinin təşkil edilməsi də BMTİP-in Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə sıx əməkdaşlığı çərçivəsində mümkün olub.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərin inkişafına yönəlmiş layihələrin dəstəklənməsi və uğurlu icrası üçün dəstəyini əsirgəməyən UNDP-yə təşəkkür edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR