“Heydər Əliyev İli” çərçivəsində bölgələrdə “Açıq qapı” günləri təşkil olunub

“Heydər Əliyev İli” çərçivəsində bölgələrdə “Açıq qapı” günləri təşkil olunub
# 27 yanvar 2023 19:39 (UTC +04:00)

Yanvarın 27-də Ədliyyə Nazirliyi tərəfindən Milli Məclislə birgə “Heydər Əliyev İli” çərçivəsində Şirvan şəhəri və Sabirabad rayonu Heydər Əliyev mərkəzlərində bölgə vətəndaşları üçün ədliyyə fəaliyyəti ilə bağlı “Açıq qapı” günləri keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, əvvəlcə Ümummilli Liderin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Tədbirlərdə nazirliyin işçiləri tərəfindən ədliyyə sahəsində vətəndaşlara göstərilən hüquqi xidmətlər, o cümlədən insanların rahatlığı üçün tətbiq olunan rəqəmsal innovasiyalar barədə ətraflı məlumat verilib, milli qanunvericiliyin “e-qanun.az” elektron resursunun mobil tətbiqi, “Mobil notariat”, “Mobil əhali”, “Elektron məhkəmə”, “ƏN TEZ” xidmət konsepsiyası ilə bağlı təqdimatlə keçirilərək onların mahiyyəti və ictimai əhəmiyyəti aşılanıb.

Eyni zamanda nazirliyin aidiyyəti məsul şəxslərinin və Milli Məclisin deputatlarının iştirakı ilə bölgə vətəndaşlarının, xüsuslə müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətləri, o cümlədən nazirliyin ayrı-ayrı istiqamətləri - icra, penitensiar, bələdiyyə fəaliyyəti ilə bağlı suallarına aydınlıq gətirilib, digər qayğıları ilə maraqlanılıb. Tədbirlərə dəvət olunmuş Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı tərəfindən ödənişsiz hüquqi yardım aksiyası keçirilərək, vətəndaşlara zəruri hüquqi xidmətlər göstərilib.

Elə həmin gün Şirvan və Sabirabad Heydər Əliyev mərkəzlərində yeni ailə həyatı quran gənclərin nikahının və yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli qeydiyyatı mərasimləri keçirilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib.

Yeni ailə quranlar və körpələrin valideynləri üçün bu günün onların həyatında xüsusilə əlamətdar hadisə olduğu və “Heydər Əliyev İli”nə təsadüf edən nikahın və doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqları bildirilib, xoş arzu və təbriklər ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR