İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib - FOTO

İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib - FOTO
# 04 oktyabr 2022 11:44 (UTC +04:00)

Bakı Dövlət Universitetində İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib.

APA xəbər verir ki, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində ikinci Göytürk Dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib. Türk dünyası üçün böyük əhəmiyyəti olan yazılı daş kitabə və abidə kompleksinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şübhəsizdir:

“Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca zəngin bir qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Qədim, zəngin mədəni irsə malik olan türk xalqları yaratdıqları möhtəşəm tarixi abidələr, maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanı heyrətə salıblar”.

Rektor vurğulayıb ki, bu əhəmiyyətli tarixi hadisə bir daha göstərir ki, türk dünyasının tarixi və mədəniyyəti olduqca qədim və zəngindir:

"Hazırkı dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı konkret milli türk xalqı zəminində yox, ümumtürk mədəniyyəti səviyyəsində və bu səviyyənin ədəbi-bədii və estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR