İSİM: Tütündən istifadə edən uşaq və yeniyetmələrin sayı azalıb

İSİM: Tütündən istifadə edən uşaq və yeniyetmələrin sayı azalıb
# 10 yanvar 2022 12:17 (UTC +04:00)

"Azərbaycanda tütün məmulatları istifadə edən uşaq və yeniyetmələrin sayı 2021-ci ildə nisbətən azalıb".

APA-nın məlumatına görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu, xüsusilə məktəbyaşlı uşaqlar və valideynlər arasında İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən aparılan monitorinq nəticəsində məlum olub: "Bu cür sorğular, adətən, 13 yaşdan yuxarı uşaqlar arasında aparılır. 2022-ci ildə isə təxminən 3 min uşaq arasında tam sağlamlıq vəziyyəti və tütün məhsullarından istifadə ilə bağlı böyük monitorinqin keçirilməsi planlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq standartlaşdırılmış sorğusu ümumilikdə 40 ölkədə keçirilir. Sorğu nəticəsində uşaqların fiziki aktivliyi, sağlam qidalanması, onların tütün və narkotik vasitələrdən istifadəsi ilə bağlı ümumi vəziyyət məlum olacaq. Tütün məmulatlarından istifadə istiqamətdə aparılmış sorğular göstərir ki, psixi gərginlik uşaqlar, eləcə də böyüklər arasında siqaret istifadəçilərinin sayının artmasına səbəb olur. Ona görə də əhalinin psixi sağlamlığının qorunması sahəsində müxtəlif tədbirlərin görülməsi vacibdir. Deməli, vətəndaşların psixi sağlamlığının qorunmasına çalışmaqla onların tütün məmulatlarından istifadəsinin azalmasına da nail olmaq mümkündür".

O qeyd edib ki, bu il keçiriləcək sorğunun hazırlıq mərhələsi dekabr ayında bitib:

"Bu ay ÜST ilə birgə müsahiblərin təlimləri keçiriləcək. Sorğuda 70-ə yaxın parametr, o cümlədən uşaqların çəki, boy, qamət funksiyaları araşdırılacaq. Sorğu nəticəsində tövsiyə və növbəti illər üçün proqramlar hazırlayacağıq".

N.Seyidov qeyd edib ki, ölkənin tibbi personalı COVID-19 infeksiyasının tütün istifadəçilərində daha ağır keçməsi haqqında ciddi maarifləndirmə işi aparıb:

"Maarifləndirmə nəticəsində pandemiya dövründə tütün istifadəsinin böyüklər arasında da müəyyən qədər azaldığı müşahidə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR