Neftçalada tapılan küp qəbirlərdən biri uşağa aiddir - FOTO

Neftçalada tapılan küp qəbirlərdən biri uşağa aiddir  - FOTO
# 16 may 2022 14:33 (UTC +04:00)

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Neftçala rayonunun Pirəbbə kəndində aşkarlanan küp qəbirlər nekropolunda aparılmış arxeoloji qazıntı işlərinin hesabatı açıqlanıb.

İnstitutdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 12 apreldə Neftçala şəhər Əli Piriyev adına 2 saylı tam orta məktəbin direktoru Həsənov Rövşən Əliheydər oğlu tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rayon ərazisində küp qəbirlərin aşkar edilməsi haqqında məktub daxil olub. Qeyd edək ki, küp qəbirlər Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində üzə çıxıb.

14 aprel tarixdə institutun “Arxeoloji abidələrin toplusu” bölməsinin rəhbəri t.ü.f.d. dosent M.M.Mustafayev və böyük laborantı M.N.Qafarova Neftçala rayonuna ezam olunublar. Arxeoloqlar rayonun Cəngan, Bala Surra, Ərəbqadaşlar və Pirəbbə kəndlərində Kür çayı sahilində aşkar edilmiş küp qəbirlər nekropoluna baxış keçiriblər.

Yuxarıda qeyd olunan kəndlərin ərazisində aparılan arxeoloji kəşfiyyat zamanı müəyyən olub ki, Kür çayının çəkilməsi səbəbindən, çayın en kəsiklərində əksəriyyəti dağılmış vəziyyətdə küp qəbirlər üzə çıxıb. Əraziyə baxış zamanı məktəb direktoru Rövşən Həsənov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov da orada olublar.

Pirəbbə kəndinin şimal-qərb hissəsində Kür çayının GPS koordinatları 39.5066 – 490146 olan hissədə aşkar olunan küp qəbir abidəsi daha maraqlıdır. Qəbirin cüzi hissəsi dağılıb, qalan hissəsi isə Kür çayının yenidən qalxması səbəbindən aparılacaq arxeoloji qazıntının işlərinə çətinlik törədir. Buna baxmayaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələr toplusu” bölməsinin əməkdaşları Mikayıl Mustafayevin rəhbərliyi ilə 25.04.2022 ci il tarixdən 14.05.2022 ci il tarixədək, Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparılıb. Aşkar olunan küp qəbir çayın içərisindən qazılaraq çıxarılıb. Əvvəl qəbrin ətrafı torpaqla doldurulub ki, suyun qarşısı qismən alınsın. Sonra qəbirin bu günədək qalan hissələrinin, həmçinin ətrafında olan iri həcimli küpün çıxarılması üçün işlər aparılıb. Qəbirin içərisindən miniatür, kiçik ölçülü qab aşkarlanıb. Yaxşı yoğrulmuş gildən hazırlanan, gövdə hissəsi isə narşəkilli, açıq qəhvəyi rəngli qabın ağız hissəsi quş dimdiyi formasındadır. Onun iki ədəd göz düyməcikləri var.

Ərazidə cənub istiqamətində bir neçə küp qəbir də aşkarlandı. Arxeoloji qazıntı işləri aparılarkən məlum oldu ki, qəbirlərin biri ölçülərinə görə uşağa mənsub olub. Digər iki küp böyükdür. Hissələr şəklində olunan ən böyük küpün hündürlüyü təxminən 1,8 metrdir. Küpün ağzı cənuba, oturacaq hissəsi Kür çayına doğrudur. Onun içərisindən bir ədəd kiçik, kənarından isə bir ədəd böyük ölçülü - təqribən 65-66 sm hündürlüyündə olan başqa küp aşkar olunub. Digər qəbirlərdən də bütöv şəkildə saxsı məmulatlar aşkarlanıb. Onların işərisində miniatür, kiçik ölçülü süd qabları biçimli zoomorf formalı saxsı qablar var. Arxeoloji qazıntıdan aşkar olunan maddi mədəniyyət nümunələri bizim eranın I-II əsrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, Kür çayı boyu küp qəbirlər nekropolu yerləşir.

Qeyd edək ki, küp qəbirlər e.ə. IV əsr - eramızın VIII əsrlərində Cənubi Qafqazda, əsasən də Qafqaz Albaniyası ərazisində daha geniş yayılıb. Bu mədəniyyət əsasən əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. Neftçala rayonunda aşkar olunan küp qəbirlər nekropolu coğrafi baxımdan bu bölgə üçün səciyyəvidir.

Gələcəkdə yenidən bu ərazilərdə arxeoloji qazıntı və tədqiqat işlərinin aparılması məqsədəuyğun olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR