“Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış sənəd mühüm bir regional sazişdir. Bu dördtərəfli əməkdaşlıq bölgənin energetika sahəsi üçün yeni imkanlar açacaq və ixrac potensialını artıracaq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan ölkələri birləşdirən mövcud quru elektrik ötürücü xətlərinin daha da inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsi barədə razılığa gəliblər.
“Bu, ölkələrimizdə istehsal olunan elektrik enerjisinin Avropa İttifaqına üzv dövlətlərə daha səmərəli ixrac edilməsinə, həmçinin ötürmə gücünü artırmağa şərait yaradacaq. Bu, çox əhəmiyyətli bir təşəbbüsdür”, - nazir əlavə edib.
Mariam Kvrivişvili enerji sektorunun inkişafının Gürcüstan üçün xüsusi əhəmiyyət daşıdığını, bu sahədə qonşu və tərəfdaş ölkələrlə hər zaman sıx əməkdaşlığın olduğunu vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bu gün Antalyada COP31 konfransı çərçivəsində imzalanıb.