“Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib - FOTO

“Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib  - FOTO
# 25 noyabr 2022 11:50 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Qəzetlərin dili monitorinq aynasında” adlı tədbir keçirilib.

APA xəbər verir ki, 7 qəzetdə aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, İnstitutun şöbə müdiri dosent Kifayət İmanquliyeva, aparıcı elmi işçisi Sevinc Məmmədova, həmçinin dilçi alimlər, qəzet redaktorları və media nümayəndələri iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bildirib ki, cəmiyyətdə baş verənləri gecikdirmədən, operativ şəkildə ictimaiyyətə çatdıran qəzetlər əksər halda yeni yaranan anlayışlarla bağlı söz və ifadələrin də mənbəyi kimi çıxış edir:

“Məhz bu baxımdan müxtəlif insanların tribunası olaraq fərqli mövqe və maraqları əks etdirmək missiyasını üzərinə götürən qəzetlər dilin daşıyıcısı kimi ədəbi dil normalarını da mütləq şəkildə qorumalıdır”.

O qeyd edib ki, gündəlik çap mediası olan qəzetlərdə doğma dilimizin tətbiq səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinqin nəticələri “Qəzetlərin dili monitorinq aynasında” adlı hesabatda öz əksini tapıb.

Aşkar edilən faktların əyani şəkildə təqdimatı ilə davam edən müzakirədə qonaqlar mətbuatda gedən proseslərlə bağlı fikir və qənaətlərini bölüşüblər. Müzakirədə bildirilib ki, kütləvi informasiya vasitələrinin dili Azərbaycan dilinin mövcud praktik vəziyyətini və inkişaf sürətini müəyyənləşdirir.

Bu baxımdan digər sahələrdə olduğu kimi mətbuatda da ədəbi dilin qorunması və müvafiq normalara riayət olunması işində ciddi nəzarətə ehtiyac duyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR