Şagirdlərin yemək bişirdiyi məktəbin direktoru və təşkilatçısı cəzalandırılıb

Şagirdlərin yemək bişirdiyi məktəbin direktoru və təşkilatçısı cəzalandırılıb
# 14 noyabr 2022 16:13 (UTC +04:00)

Paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib.

Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR