“Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib

“Şahin” hərbi-idman oyunları üzrə birincilik

© APA | “Şahin” hərbi-idman oyunları üzrə birincilik

# 04 may 2022 17:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığı və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Şahin” hərbi-idman oyunları üzrə birincilik keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, oyunların keçirilməsində əsas məqsəd şagirdlər arasında hərbi-vətənpərvərlik hisslərinin aşılanmasına, eyni zamanda onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olub.

Yarış Gəncə şəhəri və ətraf rayonlar üzrə 8-10-cu sinif şagirdlərindən ibarət komandalar arasında keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə iştirak edən Mülki müdafiə qoşunlarının zabitləri, Gənclər və İdman idarələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, eləcə də “Şahin” hərbi-idman oyunlarının hakimləri çıxış edərək iştirak edən komandalara uğurlar arzulayıblar.

Rəsmi mərasimin ardınca hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçən məktəblilərdən ibarət komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Sonda I və II yeri tutmuş komandalar diplom və kubokla, həmçinin Bakı şəhərində keçiriləcək Respublika üzrə “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə ilə mükafatlandırılıblar.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR