Şöbə müdiri: “Azad olunmuş ərazilərdəki potensial respublikanın su ehtiyatını artıra bilər” - MÜSAHİBƏ

Şöbə müdiri: “Azad olunmuş ərazilərdəki potensial respublikanın su ehtiyatını artıra bilər” - MÜSAHİBƏ
# 27 may 2022 12:42 (UTC +04:00)

AMEA akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutu “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, c.e.d., professor Rza Mahmudovun APA-ya müsahibəsi

- İstərdim elə ilk olaraq Azərbaycanın su ehtiyatları ilə bağlı mövcud durumu şərh edəsiniz. Tədqiqatlar nə deyir?

- Su problemi və iqlim dəyişmələri dünyadakı ən aktual təbii problemlərdəndir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. İqlimdə hər hansı dəyişiklik baş verirsə, bu özünü bütövlükdə təbii kompleksdə, ətraf mühitdə, o cümlədən dünya su ehtiyatlarında da göstərir. Bizim ölkəmiz isə, digər təbii ehtiyatlarla zəngin olduğu halda, su ehtiyatı baxımından az təminatlı ölkələr sırasına daxildir. Ölkəmizin az su təminatlı olması onun təbii coğrafi mövqeyi ilə bağlıdır. Cənubi Qafqazın ümumi su ehtiyatlarının cəmi 15%-i ölkəmizin payına düşür. Ərazi və adambaşına düşən su ehtiyatına görə, müvafiq olaraq qonşu Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə az su düşür. Digər tərəfdən, regionun əsas axımını təşkil edən Kür və Araz çayları hövzələrinin aşağı axımında yerləşdiyimizdən bu çayların sularının keyfiyyətinə də öz təsirini göstərir. Bir sözlə, ölkəmizin su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri əsasən transsərhəd çay sularından asılıdır.

Azərbaycanın su ehtiyatları ilə bağlı faktiki rəqəmlər belədir ki, 30-32 kub km su ehtiyatımız var. Azsulu illərdə 27-28 kub km, çoxsulu illərdə 32 kub km ola bilər. Lakin artıq bu rəqəmlər həqiqəti əks etdirmir. Bu su ehtiyatlarının 70%-ə qədəri, təxminən 20 kub km-i transsərhəd çay suları hesabına, 10 kub km-i isə yerli çay axımlarının hesabına formalaşır. Transsərhəd çay suları dedikdə əsasən Kür və Araz çaylarının axımı nəzərdə tutulur. Kürün Arazla birlikdə su ehtiyatları 25,9 kub km təşkil edir. Bunun 9,1 kub km-i Araz hövzəsində, qalan 16,8 kub km-i Kürün hövzəsində formalaşır. Bunun da 9,7 kub km-i Gürcüstan ərazisində, 5,4 kub km qədəri bizim, haradasa 1,7 kub km-i isə Ermənistan ərazisində formalaşır. Böyük Qafqazın şimal-şərq yamacından axan çaylar birbaşa Xəzər dənizinə tökülür və onların illik axımı 1,1 kub km təşkil edir. Lənkəran təbii vilayətindən axan çaylar da birbaşa Xəzər dənizinə tökülür və bu çayların illik axımı 1,2-1,4 kub km təşkil edir.

Respublikamızın ərazisində su ehtiyatları qeyri-bərabər paylanılıb. Nisbətən su ilə təminatlı ərazilərimiz Şəki-Zaqatala, Lənkəran təbii vilayəti, Kiçik Qafqazın əraziləri hesab olunur. Lakin Kür-Araz ovalığı, arid zonalar çox olduğundan bu ərazilərdə çay şəbəkə sıxlığı və təbii ki, su ehtiyatları daha azdır. Hazırda su ehtiyatlarımız iqlim dəyişmələrinin təsirindən azalmaqda davam edir.

İqlim dəyişmələri Azərbaycanda 15-20%-dək çayların illik axımının azalmasına səbəb olur

- İqlim dəyişmələri olduqca geniş, qlobal miqyaslı bir problemdir. Bəs su ehtiyatlarının azalmasının qarşısını almaq üçün dövlətlərin öhdəsinə nə düşür?

- Çay su ehtiyatlarının azalması, çaylardakı rejim dəyişkənliyi, yəni il ərzində axımın paylanması, quraqlıq, səhralaşma prosesi, meşə yanğınları, dəniz və okean səviyyələrinin tərəddüdü bunların hamısı iqlim dəyişikliklərindən asılıdır. Yer kürəsinin 30%-ə qədəri quraq ərazilər hesab edilir. Torpaqda buxarlanmanın artması hesabına rütubətin aşağı düşməsi təbii ki, məhsuldarlığın və bununla bağlı ərzaq təminatının da azalmasına səbəb olur. Bu gün dünya əhalisinin 2 milyardı quraq ərazilərdə məskunlaşıb və dünyada hər il quraqlıqdan, səhralaşma prosesinin genişlənməsindən 12-15%-ə qədər ərzaq çatışmazlığı müşahidə edilir.

İqlim dəyişmələri Azərbaycanda 15-20%-dək çayların illik axımının azalmasına səbəb olmaqla, eyni zamanda, çayların gursululuq dövrünün davamiyyətini, axım həcmini azaldır. Qış dövründə temperaturun istiləşməsi ilə hövzəyə düşən qar-su ehtiyatının azalması müşahidə edilir. Əslində hövzədə qar-su ehtiyatları öz suyunu yaz gursulu dövründə verməli və bu sular da su anbarlarında rejimə uyğun yığılmalıdır ki, bitkilərin vegetasiya dövründə suya olan təminat ödənilsin. Yazda bolsulu dövr azalır. Ölkəmizin suya olan tələbatı isə daha çox vegetasiya dövründə artır. Kənd təsərrüfatında suvarma əkinçiliyinin 80-85%-i süni suvarma yolu ilə təmin edilir. Bu da suya olan tələbatı bir az da artırır.

İqlim dəyişmələrinin qarşısının alınması üçün dünyada bir çox beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir, qərarlar, konvensiyalar qəbul edilir. Demək olar ki, bu gün beynəlxalq miqyasda dövlət rəhbərlərinin iştirakı ilə keçirilən elə bir tədbir yoxdur ki, orada iqlim dəyişikliyi, dünya əhalisinin su təminatı ilə bağlı məsələlər gündəliyə daxil edilməsin. Bu konvensiyaların əksəriyyətinə Azərbaycan Respublikası da qoşulub və onlardan bir çoxunu da ratifikasiya edib. Burada əsas məqsədlərdən biri atmosferə atılan parnik effekti yaradan qazların miqdarını azaltmaqdır. Bugünkü iqlim dəyişmələrində temperaturun artma qradiyenti zamana görə sürətlə artır. Qlobal iqlim dəyişmələri yerin inkişaf tarixində hər zaman olub. Təbii ki, hər bir ölkə əhalisinin sayına, ərazisinə, sənayesinə, texnologiyasına, potensial imkanlarına görə, öz enerji təminatını ödəməlidir. Bununla yanaşı, iqlim dəyişmələrinə təsir göstərən amillərə qarşı mübarizə aparmalıdır. Burada əsasən alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsindən söhbət gedir. Xüsusən, 2015-ci ildə qəbul edilən və bizim ölkəmiz tərəfindən 2016-cı ildə ratifikasiya edilən Paris protokoluna dünya birliyinin müsbət yanaşması vacib hesab olunur. Paris protokolunun əsas mahiyyəti ondan ibarətdir ki, iqlim dəyişmələrinə səbəb olan orta çoxillik temperaturları +2 dərəcə həddində saxlamağa nail olunsun. Yəni, Yer kürəsində iqlimdə orta çoxillik temperaturların bu həddən çox artmasının qarşısı alınsın. Hazırda orta çoxillik temperaturlar 1,1-1.2 dərəcə artıb.

Kənd təsərrüfatında suvarmada damcı üsulundan istifadə etmək qənaət üçün önəmlidir

- Azərbaycanda sudan nə dərəcədə səmərəli istifadə edilir? İtkiyə gedən suyun miqdarı nə qədərdir?

- İtki iki formada ola bilər: təbii və antropogen amillərin təsiri ilə. Su ehtiyatlarımızın azaldığı bu dövrdə biz sudan qənaətlə istifadə etməyə məhkumuq. Təbii itki hər zaman olur. Çayların özünün axım itkisi, yeraltı axımın formalaşmasına süzülən sular, hövzələrdə, boşluqlarda çuxurlarda suyun yığılıb qalması və buxarlanması - bunlar hamısı təbii itkilərdir. Bir də var mövcud sudan səmərəsiz istifadə nəticəsində yol verilən itkilər. Yaxın Şərq ölkələrində, ərəb ölkələrində, İsrail kimi yüksək texnologiyalara malik ölkələrdə suyun təkrar emalı aparılır. Hazırda dövlətimizdə əhalinin suya olan tələbatını ödəmək üçün çox saylı su anbarının tikintisi işləri davam etdirilir ki, bunun da su təchizatında böyük rolu var. Kənd təsərrüfatında suvarmada damcı üsulundan istifadə etmək də qənaət üçün önəmlidir. Texniki sularla şirin su təchizatını ayırmaq da vacib məqamdır. Çünki sənayedə, məişətdə şirin suyun texniki su olaraq istifadə olunması halları ilə çox rastlaşırıq. Məsələn, avtomobillərin yuyulduğu su təmizlənərək təkrar texniki su kimi istifadə edilməlidir. Çünki Azərbaycanda avtomobillərin yuyulması üçün xeyli su sərf olunur. Bunların hamısı vəzifəsindən, mövqeyindən asılı olmayaraq, bizim hər birimizdə zamanın tələblərinə uyğun sudan istifadə mədəniyyətinin formalaşdırılmasını zərurətə çevirir. Mən məsələnin əsas həllini burada görürəm.

- Təkcə Kür yox, bir çox çaylarımızda suyun azalması və quruma halları müşahidə edilir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Təbii quruyan çaylar var ki, rejimindən asılı olaraq, bu baş verir və belə çaylarda bolsulu dövr də olur. Lakin illik axımında azalma varsa, bu zaman quruma müşahidə edilir. Yəni çaylarda yayda axım azalmalıdır, yazda artmalıdır. Aparılan tədqiqatlar göstərir ki çaylarımızda illik axım azalır. Qışda qardan, buzlaqlardan qidalanan çaylarda - Qusarçay və Qudyalçay belə çaylardandır - onlarda qış axımının artması baş verir. Lakin ümumi mənzərə odur ki, iqlim dəyişmələrinin təsirindən 15-20%-dək çaylarda illik axımın azalması baş verir. Temperaturun artması və antropogen təsirlərlə təəssüf ki, bu rəqəm artmaqda davam edə bilər. Kürə çox sayda su nasosları qoyulub, çay məcralarından qum, daş, çınqıl çıxarılır və bunlar çayların axımına, məcranın deformasiyasına təsir edir. Çay sularından istifadə elmi əsaslarla tənzimlənməlidir. Təbii və antropogen amillər birlikdə suyun azalmasını sürətləndirir.

Qarabağ ərazisindən axan çaylarda 10%-ə qədər azalma müşahidə edilir

- İşğaldan azad edilmiş ərazilərdə nə qədər su ehtiyatı var? Onlardan nə qədəri səmərəli, istifadəyə yararlıdır?

- İşğaldan azad edilmiş ərazilərdə müharibədən əvvəl aparılan tədqiqatın nəticələri ilə bugünkü göstəriciləri müqayisə etmək vacibdir. Təbiidir ki, biz 30 il ərzində orada tədqiqatlar, müşahidələr apara bilməmişik. Lakin mövcud müşahidə və peyk məlumatlarından, müvafiq metodlardan istifadə etməklə, hidroloji sıraları bərpa edib mümkün axımların artıb-azalmasını müəyyən etmişik. 1990-cı ilə qədər Qarabağın ərazisində ümumi çay su ehtiyatları 2,14 kub km olaraq hesablanmışdısa, hazırda bu rəqəm 1,93 kub km təşkil edir. Yəni Qarabağ ərazisindən axan çaylarda 10%-ə qədər azalma müşahidə edilir.

Əminəm ki, Qarabağ ərazisində səth, yeraltı sulardan istifadə respublikamızın suya olan həssaslığını azaldacaq. Müharibədən əvvəl Qarabağda 27 su anbarı olub və onlardan cəmi 6-7-si fəaliyyət göstərirdi. Digərləri isə bərpa olunmalıdır ki, ərazi çay sularından daha optimal istifadə mümkün olsun. Hazırda layihələr üzərində işlər gedir ki, hansı çaylar üzərində su anbarlarının tikilməsi daha məqsədəuyğundur. Orada böyük bir potensial var. İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatı potensialı respublikanın su ehtiyatını 5-6% artıra bilər. Biz indi apardığımız bu tədqiqatların davamı olaraq çox istəyərdik ki, ən azı Qarabağda bir neçə çayda faktiki müşahidələr, tədqiqatlar aparaq. Faktiki müşahidələri bizim ənənəvi modellərlə aldığımız nəticələrlə müqayisə etməliyik. Düzdür, yay dövründə aldığımız rəqəmi illik rəqəmə çevirə bilmərik, lakin hər halda aparılan faktiki müşahidələrlə əlimizdə olan faktları dəqiqləşdirib daha düzgün proqnozlar verə bilərik. Ümid edirik ki, bu da tezliklə mümkün olacaq. Daha dəqiq nəticələr almaq üçün təbii ki, epizodik faktiki müşahidələrin aparılması olduqca vacibdir.

Xəzər dənizinin səviyyəsi -28.0 m-dən də aşağıdır

- Bəs Xəzər dənizində suyun səviyyəsi niyə azalır?

- Xəzər dənizinin özü, onun sutoplayıcı hövzəsi dünyada baş verən iqlim dəyişmələrinin indikatorudur. Tarixi müşahidələr və keçmiş tədqiqatlar da göstərir ki, Xəzər dənizinin səviyyəsinin artıb-azalması su balans elementlərindən asılıdır: Temperatur, yağıntı, buxarlanma, çay axımı və yeraltı axım. Xəzər dənizinin yeraltı qidalanması 4 kub km təşkil edir. Lakin Xəzərə tökülən çay axımının əsasını Volqadan gələn su təşkil edir. Volqanın orta illik su sərfi 200 kub km görülür, çoxsulu illərdə isə bu rəqəm artır. Məsələn, 1977-ci ildən başlayaraq Volqanın axımı artmağa başladı və 1995-ci ilədək 350 kub km-ə qədər artdı. Bu zaman Xəzərin səviyyəsi də artdı. 1995-ci ildən 2010-cu ilədək zəif tərəddüdlər oldu. Bu dövrə stabillik dövrü də demək olar. Xəzərətrafı Ölkələrin Xəzərin Hidrometeorologiyası və Çirklənməsinin Monitorinqi adlı Koordinasiya Şurası bununla bağlı məlumatlar dərc etdi. Rotasiya qaydalarına uyğun olaraq, bir zamanlar Azərbaycanda bu Şuraya mən rəhbərlik etmişəm. Bu Şuranın proqnozuna əsasən, Xəzərin səviyyəsində azalma 2010-cu ildən etibarən başlayıb. Bu gün Volqada axım azalıb. Eyni zamanda, Xəzərə tökülən digər çayların, o cümlədən Kürün də axımı azalıb. Xəzərin səviyyəsinin aşağı düşməsi bu gün birbaşa iqlim dəyişmələrinin göstəricisidir. Artıq bu gün Xəzər dənizinin səviyyəsi -28.0 m-dən də aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR