Sumqayıtda Qadın Resurs Mərkəzinin açılışı olub - FOTO

Sumqayıtda Qadın Resurs Mərkəzinin açılışı

© APA | Sumqayıtda Qadın Resurs Mərkəzinin açılışı

# 28 yanvar 2022 12:47 (UTC +04:00)

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Sumqayıtda yeni Qadın Resurs Mərkəzinin açılışını edib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə qeyd olunub ki, mərkəz qadınların səlahiyyətləndirilməsinə və onların iqtisadi dayanıqlılığının artırılmasına xidmət edəcək, eləcə də gender əsaslı zorakılığa məruz qalmış qadınlara dəstək göstərəcək.

AQUPDK-nın sədri Bahar Muradova bildirib ki, qadın resurs mərkəzləri qadınların iqtisadi imkanlardan yararlanması, sahibkarlıq fəaliyyətinə yönəlməsinə və özünü inkişafa böyük töhfə verir: “Biz qadınların dəstəklənməsi və iqtisadi səlahiyyətləndirilməsi istiqamətində fəaliyyətlərimizi davam etdirəcəyik”.

USAID-in missiya direktoru Caydev Sinqxin sözlərinə görə, USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə mühüm bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək verməkdən qürur duyur: “BMTİP və Dövlət Komitəsindəki tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım əldə etmək məqsədilə müraciət edə biləcəkləri təhlükəsiz məkanın olduğunu bilməkdən çox məmnunuq".

BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist deyib ki, AQUPDK-nın və USAID-in əvəzsiz dəstəyi ilə onlar Azərbaycan qadınlarının peşəkar şəkildə inkişaf edə biləcəyi daha bir təhlükəsiz məkanın yaradılmasına kömək ediblər: “Qadınlar və qızlar üçün sərmayə qoymaq ailələrə və cəmiyyətlərə çoxsaylı fayda gətirir. Qadınların səlahiyyətləndirilməsinin inkişaf səylərinin mərkəzində saxlanılması həm də insanlar və planetimiz üçün 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün ən yaxşı yollardan biridir”.

Sumqayıtda yerləşən Qadın Resurs Mərkəzi şəhər ərazisində qurulan ilk, USAID-in 2016-cı ildən bəri maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində açılan dördüncü mərkəzdir.

USAID və BMTİP-nin daha öncə Masallı, Zaqatala və Xaçmazda mərkəzlər açıb.

2011-ci ildən indiyə kimi USAID də daxil olmaqla, bir sıra beynəlxalq donorun maliyyə dəstəyi ilə Dövlət Komitəsi və BMTİP tərəfindən Azərbaycanın müxtəlif bölgələrində 14 qadın resurs mərkəzi yaradılıb.

Bugünədək 6200-dən çox qadın üçün gender bərabərliyi və iqtisadi hüquqlar, həmçinin biznesin inkişafı, peşə kursları, mühasibat uçotu, maliyyə savadlılığı və kompüter elmləri üzrə ödənişsiz təlimlər keçirilib və 400-dən çox biznes qurulub.

2020-ci ildən bəri USAID-in maliyyə dəstəyi ilə bu mərkəzlərdən doqquzu gender əsaslı və ya məişət zorakılığından əziyyət çəkmiş qadınlara hüquqi və psixoloji yardım təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR