Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi müəyyənləşir

Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi müəyyənləşir
# 02 may 2023 13:25 (UTC +04:00)

Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin hansı hallarda ləğv ediləcəyi müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edilir:

- himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə;

- himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə;

- himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda;

- himayədar valideynlərin uçotdan çıxarılması üçün əsaslar olduqda;

- himayədar ailəyə verilmiş 10 yaşına çatmış uşağın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında;

- himayədə olan uşağın öz ailəsinə qaytarılması, qəyyumluğa (himayəyə) verilməsi və ya övladlığa götürülməsi ilə bağlı əsaslar yarandıqda.

Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müddətinin başa çatması, himayədar valideynlərin təşəbbüsü və ya ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 3 (üç) iş günü müddətində uşağın himayədar ailədən alınıb yerləşdirilməsi ilə bağlı tədbirlər görür. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar valideynin vəfat etməsi və ya ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağın himayədar ailədən alınıb yerləşdirilməsi ilə bağlı tədbirlər görür.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR